Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

MƏDƏNİYYƏT 16 sentyabr 2026, 19:07
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq.

Demokrat.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edilərək Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisəsi kimi təsbit edilir.

Eyni dəyişikliklə Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbinin də müvafiq hüquqi statusu rəsmiləşdirilir.

Xankəndidə İncəsənət Məktəbinin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə sosial, təhsil və mədəni infrastrukturun bərpasının mühüm istiqamətlərindən biridir. Məktəbin yaradılması uşaqların və gənclərin incəsənət təhsilinə əlçatanlığının təmin edilməsinə, onların yaradıcı potensialının üzə çıxarılmasına və Qarabağın zəngin mədəni ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

İlkin mərhələdə məktəbdə 100-dək şagirdin təhsil alması, sonrakı mərhələlərdə isə şagird sayının ən azı üç dəfə artırılması nəzərdə tutulur. Tədris musiqi ilə yanaşı, tələbat əsasında incəsənətin digər istiqamətlərini də əhatə edəcək.

Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinə olan tələbatın müəyyənləşdirilməsi məqsədilə MyCulture vahid şəxsi kabinetində xüsusi elektron müraciət bölməsi yaradılıb. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan üzrə indiyədək 300 nəfər qeydiyyatdan keçib. Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil edilərək tədrisin təşkili, ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı zamanı nəzərə alınacaq.

Xankəndidə yeni incəsənət məktəbinin fəaliyyətə başlaması Böyük Qayıdış prosesinin mədəni və yaradıcı mühitlə tamamlanmasına xidmət edən mühüm addımdır. Xankəndidə həyatla birlikdə musiqi, yaradıcılıq və incəsənət təhsili də yeni mərhələyə qədəm qoyur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 17:39
Top