Taksi qiymətlərini necə tənzimləmək olar? — Açıqlama

İQTİSADİYYAT 16 sentyabr 2026, 18:00
Taksi xidmətlərində qiymətlərin tətbiqlər tərəfindən müəyyənləşdirilməsi və tələbatdan asılı olaraq dəyişdirilməsi sərnişinlərin ödədiyi məbləğlə bağlı suallar yaradır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında beynəlxalq dərəcəli təlimçi və avtoekspert Adil Nəbiyev bildirib ki, taksi bazarında fəaliyyət göstərən mobil tətbiqlərin qiymət siyasətində süni qiymət artımının, bazar gücündən sui-istifadənin və inhisarçılıq meyillərinin qarşısını almaq üçün ilk növbədə şəffaf, rəqabətli və dövlət tərəfindən effektiv şəkildə monitorinq edilən bazar mexanizmi formalaşdırılmalıdır.

Onun sözlərinə görə, burada məqsəd taksi qiymətlərini inzibati qaydada dondurmaq və bütün platformalara eyni tarif tətbiq etmək olmamalıdır, çünki taksi xidmətində qiymət tələb və təklifdən, günün saatından, məsafədən, yol şəraitindən və avtomobil kateqoriyasından asılı olaraq dəyişə bilər:

“Əsas məsələ qiymətin hansı prinsiplə formalaşdığının sərnişin və sürücü üçün aydın olmasıdır. Sərnişin sifarişi təsdiqləməzdən əvvəl baza tarifini, kilometr və dəqiqə üzrə hesablamanı, əlavə tələb əmsalının tətbiq edilib-edilmədiyini və yekun qiyməti görməlidir. 

Xüsusilə “dinamik qiymət” adı altında tariflərin iki-üç dəfə artırılması halları baş verirsə, platforma bunun hansı real tələb və təklif göstəricisinə əsaslandığını izah edə bilməlidir.

Eyni zamanda platformaların qiymət alqoritmləri kommersiya sirri kimi tamamilə nəzarətdən kənarda qalmamalıdır; aidiyyəti dövlət qurumlarının qiymətin formalaşmasını, komissiya faizlərini və dinamik tarif mexanizmini yoxlamaq imkanları olmalıdır. 

Çünki müasir taksi bazarında qiyməti artıq ənənəvi taksometr deyil, böyük ölçüdə proqram təminatı və alqoritm müəyyən edir və nəzarət mexanizmi də buna uyğun müasirləşməlidir.

Digər mühüm məsələ bazarda real rəqabətin qorunmasıdır. Bir və ya iki platforma sifarişlərin böyük hissəsinə nəzarət edərsə, həm sərnişin, həm də sürücü həmin platformadan asılı vəziyyətə düşə bilər”.

Adil Nəbiyev əlavə edib ki, belə şəraitdə platforma sərnişin tarifini artırmaqla yanaşı, sürücüdən tutulan komissiyanı da yüksəldə bilər və nəticədə hər iki tərəf zərər görər:

“Buna görə rəqabət orqanları yalnız şirkətlərin bazar payına deyil, onların qiymət davranışına, sürücülərlə müqavilə şərtlərinə, komissiyalara, bonus sistemlərinə və rəqiblərin bazara daxil olmasına maneə yaradılıb-yaradılmadığına da nəzarət etməlidir.

Xüsusilə bir platformanın əvvəlcə uzun müddət zərərlə və ya həddindən artıq aşağı qiymətlərlə işləyərək rəqibləri bazardan çıxarması, daha sonra rəqabət zəiflədikdən sonra qiymətləri kəskin artırması ayrıca araşdırılmalı olan məsələdir.

Eyni zamanda taksi sürücülərinin yalnız bir tətbiqlə işləməyə məcbur edilməsi, digər platformalarda fəaliyyətinə dolayı məhdudiyyətlərin yaradılması və ya buna görə bonuslardan məhrum edilməsi kimi mexanizmlər də rəqabət baxımından qiymətləndirilməlidir.

Mən hesab edirəm ki, Azərbaycanda taksi platformaları üzrə mütəmadi qiymət monitorinqi aparılmalı, eyni marşrut üzrə müxtəlif platformaların tariflərinin günün fərqli saatlarında necə dəyişdiyi təhlil edilməlidir. 

Məsələn, müəyyən istiqamətdə normal vaxtda 6–7 manat olan səfər heç bir fövqəladə vəziyyət, ciddi tıxac və ya real tələb artımı olmadığı halda qısa müddətdə 15–20 manata qalxırsa, bunun səbəbi araşdırılmalıdır.

Amma qiymətlərin sadəcə eyni olması da avtomatik olaraq razılaşdırılmış qiymət demək deyil. Belə nəticəyə gəlmək üçün platformalar arasında koordinasiya və ya digər rəqabət pozuntusuna dair faktlar olmalıdır.

Digər tərəfdən, sərnişinin tətbiqində göstərilən məbləğlə sürücünün həmin sifariş üzrə əldə etdiyi məbləğ arasında ciddi fərq yaranırsa, bu fərqin nədən ibarət olduğu şəffaf göstərilməlidir.

Sərnişin 15 manat ödəyirsə, sürücünün qazancı, platformanın komissiyası, varsa əlavə xidmət haqqı və digər tutulmaların necə hesablandığı sürücü üçün aydın olmalıdır.

Bu, həm sürücülərin hüquqlarının qorunmasına, həm də tarif artımının həqiqətən sürücünün gəlirinə təsir edib-etmədiyini müəyyənləşdirməyə imkan verər.

Sərnişin hüquqlarının qorunması üçün də tətbiq daxilində qiymət artımının səbəbi açıq göstərilməli, sifarişdən əvvəl yekun və ya mümkün qədər dəqiq qiymət təqdim edilməli və səfər başa çatdıqdan sonra qiymətin hansı komponentlərdən formalaşdığı elektron qəbzdə görünməlidir.

Kütləvi tədbir, yağış, metroda nasazlıq və ya pik saat kimi hallarda dinamik tarifin tətbiqi iqtisadi baxımdan başadüşüləndir, çünki həmin vaxt tələb artır, lakin bu mexanizm sərhədsiz olmamalı və xüsusilə fövqəladə vəziyyətlərdən istifadə etməklə həddindən artıq qiymət artımına çevrilməməlidir”.

Onun sözlərinə görə, dövlətin vəzifəsi hər taksi səfərinin qiymətini müəyyən etmək deyil, qiymətin rəqabət şəraitində, şəffaf şəkildə və istehlakçını aldatmadan formalaşmasını təmin etməkdir:

“Bunun üçün rəqabət qanunvericiliyinin effektiv tətbiqi, platformaların bazar davranışının rəqəmsal monitorinqi, qiymət və komissiya dəyişikliklərinin təhlili, sərnişin və sürücülərdən daxil olan şikayətlərin vahid məlumat bazasında toplanması, əsaslandırılmamış və ya koordinasiya olunmuş qiymət artımı müəyyən edilərsə ciddi maliyyə sanksiyalarının tətbiqi vacibdir.

Bununla yanaşı, yeni taksi platformalarının bazara daxil olması üçün süni inzibati və texniki maneələr yaradılmamalıdır, çünki istehlakçını yüksək qiymətdən qoruyan ən güclü mexanizmlərdən biri məhz real rəqabətdir.

Sərnişinin qarşısında üç-dörd güclü alternativ olduqda bir platformanın qiymətləri əsassız şəkildə artırmaq imkanları avtomatik olaraq məhdudlaşır.

Nəticə etibarilə, taksi bazarında sağlam model üç əsas prinsip üzərində qurulmalıdır. Şəffaf qiymət, real rəqabət və effektiv dövlət nəzarəti.

Bu üç mexanizm paralel işlədikdə həm sərnişin münasib qiymətə keyfiyyətli xidmət əldə edər, həm sürücünün əməyinin qarşılığı daha ədalətli formalaşar, həm də heç bir platforma bazardakı üstün mövqeyindən istifadə edərək qiymətləri istədiyi şəkildə diktə etmək imkanına malik olmaz”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 17:39
Top