“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri ilə görüşündə bir sıra mühüm məsələlərə diqqəti cəlb etdi. Xüsusilə də Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin qərəzli mövqeyinə toxundu və qeyd etdi ki, məhz onların yürütdüyü ermənipərəst siyasət ucbatından bu münaqişə öz həllini tapa bilmirdi”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, Prezident vurğulayıb ki, Avropa Parlamenti işğalçı Ermənistanı hər zaman dəstəkləyib və bu gün də bu siyasətini həyata keçirir:
“Eyni zamanda qeyd etdi ki, bu təşkilat rüşvət və korrupsiya yuvasına çevrilib. Təşkilatın ali siyasi rəhbərliyi səviyyəsində rüşvətin baş alıb getdiyini vurğuladı və Yunanıstandan olan vitse-prezidenti nümunə gətirdi. Onun cinayət əməlində ittiham olunduğunu, amma həbs edilmədiyini və azadlıqda olduğunu qeyd etdi. Budur Avropa Parlamentinin əsl siması və yaxud da simasızlığı. Avropa Şurası Parlament Assambleyası da eyni məntiqlə fəaliyyət göstərir. Cənab Prezident vurğuladı ki, 2003-cü ilə qədər, yəni Prezident seçilənə qədər Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib və bu təşkilatın bütün fəaliyyətini, onun mahiyyətini çox gözəl bilir. Bildirdi ki, onlar hər zaman ermənipərəst mövqedən çıxış edib və Ermənistanı dəstəkləyiblər”.
Deputat əlavə edib ki, Ermənistanın cinayət əməllərinə münasibətdə heç bir sanksiya rejimi tətbiq etməyiblər:
“Amma Azərbaycan 2023-cü ildə antiterror əməliyyatlarını həyata keçirib Qarabağ üzərində suverenliyini tam təmin etdikdən cəmi 4 ay sonra Azərbaycana qarşı sanksiyalar tətbiq edirlər. Budur onların sülh prosesinə verdiyi dəyər və töhfə. Hesab edirəm ki, bu yanaşmalar olduqca vacibdir. Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərlərinin bu məlumatlara malik olması ona gətirib çıxarır ki, onların öz icmalarında da çox ciddi nüfuzu var və onların mövqeyi, fikirləri böyük hörmətlə qarşılanır. Bu baxımdan cənab Prezidentin səsləndirdiyi mesajlar strateji xarakter kəsb edir”.
Fidan Hacızadə

