Abşeronda ər-arvad arasında dava — Təfərrüat

KRİMİNAL 22 apr 2022, 12:14
Abşeron rayonunda 1985-ci il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində arvadı Nəsibəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 2-də baş verib. Nəsib birgə yaşadıqları evdə arvadı ilə aralarında yaranan münbahisə zamanı onu dəmir boru ilə vurub. 

İstintaq orqanı tərəfindən Nəsibin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nəsibə ilə 12 ildir evlənib: “Bu evlilikdən 3 azyaşlı uşaqlarımız dünyaya gəlib. İşlərim ilə bağlı qadınlarla telefonda söhbət etməyim səbəbndən aramızda münaqişələr olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 1-də, saat 23.00-da yenə evə gec gəlməsinə görə Nəsibə ilə aralarında sözlə mübahisə olub: “Fevralın 2-də, saat 08.30-da uşaqları məktəbə qoydum və geri qayıtdım. Nəsibə məndən axşam telefonumda gördüyü qadın şəxsiyyət vəsiqəsinin şəkili ilə bağlı sorğu-sual etməyə başladı. Bu səbəbdən aramızda yenidən mübahisə yarandı. Nəsibəyə işlərimə qarışmamasını desəm də, Nəsibə dediklərimə məhəl qoymadı. Səs-küy salmağa davam etdi. Bundan sonra yataq otağında olan tozsoranın dəmir borusunu götürdüm və Nəsibənin sol ayağına, başına, belinə bir neçə dəfə zərbələr vurdum. Sonra Nəsibənin saçından tutaraq onu uzandığı çarpayıdan qaldırdım və atası evinə getməsini dedim. Nəsibə yerindən qalxdıqdan sonra ayaq barmağında kəskin ağrılar olduğunu bildirsə də, ona inanmandım. Nəsibəyə “artistlik etmə” dedim, mənə yemək hazırlamasını istədim. Nəsibə yemək hazırlasa da,  əsəbimdən yemək yemədən evdən getdim. Evdən gedəndən sonra Nəsibənin ayaq barmağında olan ağrılara görə xəstəxanaya, sonra isə polisə müraciət etdiyini bildim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəsibənin sözlərinə görə, Nəsib heç bir yerdə işləməyib: “Mənə tez-tez yalan danışıb, başqa qadınlarla münasibətdə olması səbəbindən aramızda münaqişələr baş verib. Fevralın 1-də, saat 23.00-da yenə Nəsibin evə gec gəlməsi səbəbindən aramızda sözlə mübahisə oldu. Fevralın 2-də, saat 08.30-da Nəsib uşaqları məktəbə qoydu, geri qayıdanda axşam onun mobil telefonunda gördüyüm qız şəkili ilə bağlı sorğu-sual etməyə başladım. Bu səbəbdən aramızda yenidən mübahisə yarandı. Nəsib mənə işlərinə qarışmamağımı dedi. Sonra məndən “atamla birlikdə qələt etmişəm” deməyimi tələb etməyə başladı. Mən isə Nəsibə etiraz etdim. Bundan sonra Nəsib yataq otağında olan tozsoranın dəmir borusunu götürdü. Məni döyməyə başladı. Sonra saçımdan tutaraq uzandığım çarpayıdan qaldırdı. Atam evinə getməyimi tələb etdi. Çarpayıdan qalxdıqdan sonra ayaq barmağımda kəskin ağrılar hiss etdim. Barmağımın sındığından şübhələndim. Nəsib isə ayağıma tərik vuraraq “artistlik etmə” dedi, məndən yemək hazırlamağımı istədir. Mən “ağrıya-ağrıya” Nəsibə yemək hazırladım. Bu zaman Nəsib mətbəxdə olan ət taxtası ilə bir dəfə sol ayağıma zərbə vurdu, barmağıma heç nə olmadığını bildirdi. Sonra yemək yemədən evdən getdi”. 

Zərərçəkmiş bildirib ki, Nəsib evdən gedəndən sonra ayaq barmağında olan ağrılara dözə bilməyib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib. Onun sözlərinə görə, şikayət edəndən sonra xəstəxanaya müraciət edib. 

Qeyd edib ki, hadisə zamanı evdə 5 yaşlı qızından başqa heç kimin olmayıb. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını nəzərə alıb. Nəsibin barəsində olan cinayət təqibinə xitam verilib. 

Məhkəmə həmçinin hökm çıxaran zaman təqsirləndirilən şəxsə rəsmi qaydada xəbərdarlıq edib. Qeyd olunub ki, təqsirləndirilən şəxs gələcəkdə oxşar hadisə törətdiyi zaman zərərçəkmişlə barışsa, onun cinayət məsuliyyətindən azad edilməsi mümkün olmayacaq. O, ciddi cəzalandırılacaq.
 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top