“Azərbaycan rəsmi qaydada sülhməramlıların fəaliyyəti ilə bağlı öz münasibətini bildirib. Sülhməramlıların əsas vəzifəsi və məqsədi sülhə töhfə vermək, mümkün müharibənin, münaqişənin qarşısını almaqdır. Lakin proseslərin təhlili göstərir ki, sülhməramlı qüvvələr bu missiyanın icrası ilə deyil, başqa işlərlə məşğul olurlar”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Qarabağda yerləşən rus sülhməramlı hərbçilərinin fəaliyyəti ilə bağlı danışan deputat vurğulayıb ki, sülhməramlı qüvvələr nəzərdə tutulan vəzifələrini xatırlamalı və onları icra etməlidir:
“10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən Qarabağda olan qeyri-qanuni silahlı birləşmələr ərazidən çıxarılmalı idi, amma hələ də bu qanunsuz dəstələr çıxarılmayıb. Son günlər Qarabağda ermənilərin yenidən postlar qurmasının şahidi oluruq. Bundan başqa, daim dövlət sərhədində gərginlik yaratmaq istəmələrini, Ermənistandan Qarabağa avtomobillərin hərəkətini müşahidə edirik. Məlumata görə, bu avtomobillərlə silah-sursat daşınır, lakin rus sülhməramlı hərbçiləri bu hadisələrə heç bir müdaxilə etmir, reaksiya vermir. Qarabağda olan seperatçı qüvvələr də, görünür, məhz onlara güvənərək təxribat fəaliyyətlərini davam etdirirlər. Zaman-zaman sülhməramlıların müxtəlif aksiyalar, tədbirlər keçirdiyinin şahidi oluruq. Azərbaycanın mövqeyi dəyişməzdir, üçtərəfli bəyannamənin maddələrinə əməl edilməlidir. Ermənilərin Qarabağda yenidən silahlanmasının qarşısı qəti şəkildə alınmalı, Ermənistanın sərhəddə təxribat törətməsinə son qoyulmalıdır”.
Deputat bildirib ki, Ermənistan sülh, əməkdaşlıq istiqamətində real addımlar atmalıdır, bu cür təxribat addımları isə onun mümkün qurtuluşunu gecikdirir:
“Ermənistan anlamalıdır ki, onun bir yolu var, bu da Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsi və sülh müqaviləsi imzalamasıdır. Prezident bu məsələdə mövqeyini qəti şəkildə bildirib. Ermənistan sülh yoluna razı olmasa, Azərbaycan nəzərdə tutulan məsələləri güc yolu ilə həll edə bilər. Ermənistan revanşist addımlara son qoymaq və sülh barədə düşünməyə məcburdur. Bu cür təxribatlar davam edərsə, Ermənistan sərhəddə gərginlik yaratmağa çalışsa, biz Qarabağdakı erməniləri gücləndirmək cəhdlərinin şahidi olarıqsa, o zaman Azərbaycan buna çox sərt cavab verəcək. Sülhməramlılar isə fəaliyyətlərində diqqətli olmalı, nəzərdə tutulan missiyalarını yerinə yetirməlidirlər”.
Aygül Qarayeva Demokrat.az


