Son günlər Azərbaycan və Türkiyə arasında məktəbli geyimi ilə bağlı yaranan müzakirələr, eləcə də bəzi siyasi və dini dairələrin Azərbaycanın daxili məsələlərinə münasibət bildirməsi gündəmdə qalmaqda davam edir.
Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü bildirib ki, ayrı-ayrı şəxslərin açıqlamaları və etiraz aksiyaları iki qardaş ölkə arasındakı strateji münasibətlərə təsir göstərməməlidir.
"Azərbaycanla Türkiyə, eləcə də bütün türk dövlətləri hər zaman bir yerdə olub və bundan sonra da birlikdə olacaqlar. Türkiyənin azərbaycanlılar üçün xüsusi yeri var. İndi hansısa təşkilatın və ya ayrı-ayrı şəxslərin konsulluqlarımızın qarşısında etiraz aksiyaları keçirməsi müəyyən müzakirələrə səbəb olur. Hərdən belə fikir ayrılıqları da yaşanır. Necə deyərlər, dalaşmasan, bərkiməzsən", – deputat bildirib.
Millət vəkili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın Azərbaycanda məktəbli forması ilə bağlı açıqlamalarına da münasibət bildirib.
Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi əsas götürülməlidir:
"Oqtay Saral siyasətçi deyil. Ona görə də onu tənqid etmək bəlkə də o qədər düzgün olmaz. Ancaq heç bir siyasətçi başqa dövlətin daxili işlərinə qarışmamalıdır. Hər dövlətin öz qanunları, Konstitusiyası və siyasəti var. Mən Saralın açıqlamasına görə ona qarşı təhqiramiz ifadələr işlətmək istəmirəm. Oqtay Saral qoy elə saralsın".
Deputat Türkiyədə fəaliyyət göstərən bəzi dini cərəyanların siyasi proseslərə təsiri məsələsinə də toxunub. O bildirib ki, müxtəlif dini qruplaşmaların fəaliyyəti keçmişdə Türkiyənin özündə də ciddi problemlərə səbəb olub.
"Türkiyədə FETÖ, Süleymançılar və digər dini cərəyanlar fəaliyyət göstərib. Bu təşkilatlar Türkiyənin özünə də ziyan vurublar. Hazırda da ölkədə müxtəlif təriqətlər mövcuddur. Onların bəziləri siyasi proseslərə təsir göstərməyə, hətta Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinə qarşı çıxmağa çalışırlar.
1990-cı illərdə Azərbaycanda da belə qrupların fəaliyyəti üçün əlverişli şərait yaranmışdı. Ölkəmizə müxtəlif dini cərəyanların, o cümlədən nurçuların, FETÖ tərəfdarlarının və digər qrupların nümayəndələri gəlmişdilər", – deyə millət vəkili qeyd edib.
Deputat hesab edir ki, Türkiyə Azərbaycanın dövlətçilik və təhlükəsizlik məsələlərinə həssas yanaşmasını nəzərə almalıdır.
"Bizim vəziyyətimizi ən yaxşı Türkiyə başa düşməlidir. Məncə, Türkiyə bizi başa düşür. Prezident Rəcəb Tayyib Ərdoğan da, Türkiyənin dövlət rəhbərliyi də bunu anlayır", – deyə o vurğulayıb.


