Dünya

Baydenin reytinqi 100 günlük prezidentlik dövründən sonra aşağı oldu

Baydenin reytinqi 100 günlük prezidentlik dövründən sonra aşağı oldu

ABŞ prezidenti Co Baydenin bəyənmə reytinqi prezidentlik dövrünün ilk 100 günündə 52% olub, 1945-ci ildən bəri bu rəqəm yalnız ABŞ prezidentləri Cerald Ford (48%) və Donald Trampda (42%) daha aşağı olub.

Demokrat.az xəbər verir ki, bu barədə sorğunu “Washington Post” və “ABC News” birgə şəkildə aparıb.

Sorğuya əsasən, respondentlərin 52%-i Baydenin fəaliyyətini “birmənalı şəkildə” və ya “bəzi səviyyədə” bəyənib, onların arasında 90% Demokratlar, 47% müstəqil respondentlər və 13% Respublikaçılar da var. Respondentlərin 42%-i mənfi rəy bildiriblər.

Respondentlərin yarıdan çoxu – 64%-i Baydenin koronavirus pandemiyası ilə mübarizə siyasətini, respondentlərin 52%-i hazırkı prezidentin iqtisadi siyasətini bəyənir. Daha az insan prezidentin Meksika ilə sərhəddəki miqrasiya böhranı ilə bağlı fəaliyyəti haqqında müsbət fikir bildirib (37%).

Bundan başqa, respondentlərin 60%-i prezidentin Konqresdə Respublikaçıların dəstəyini almalı olduğuna, 30%-i Baydenin müstəqil fəaliyyət göstərə biləcəyinə inanır.

Prezidentin imzaladığı iqtisadiyyatın stimullaşdırılmasına dair tədbirlər paketini amerikalıların 65%-i dəstəkləyib, 31%-i buna qarşı çıxıb. Baydenin infrastruktur layihələrinə 2 trilyon dollar investisiya yatırmaq barədə planı sorğuda iştirak edənlərin 52%-i tərəfindən bəyənilib, respondentlərin 35%-i isə buna qarşı çıxıb.

Telefon sorğusu 18-21 aprel tarixlərində ingilis və ispan dillərində aparılıb və sorğuda 1007 yetkinlik yaşına çatmış respondent iştirak edib./APA

D
demokrat.az