Quba rayonunda 48 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri, Gənclər küçəsində baş verib. 1978-ci il təvəllüdlü Tural qayınatasının evində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı arvadı Zəhranın (adlar şərtidir – red.) sifət nahiyəsinə telefonla qəsdən zərbə vuraraq ona xəsarət yetirib.
Tural barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2015-ci ildə Zəhra ilə rəsmi ailə qurub, əvvəllər münasibətləri yaxşı olub:
"2025-ci ildə Zəhranın anası rəhmətə getdikdən sonra onun psixoloji sağlamlığı pisləşdi. Bu vaxtdan etibarən münasibətlərimizdə soyuqluq yarandı, aramızda mütəmadi mübahisələr baş verdi. Həmin ilin sentyabr ayından etibarən Zəhra atasının evinə gedərək, hazırkı vaxtadək orada yaşadı".
Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı ilə aralarında baş vermiş sonuncu mübahisə qayınatasına məxsus evdə olub:
"Mübahisə zamanı əsəbləşərək əlimdə olan "Samsung" markalı mobil telefonu arvadımın sifət nahiyəsinə vurdum. Mübahisəmiz təxminən 3-5 dəqiqə davam etdi. Həmin vaxt evdə kənar şəxslər olmayıb".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.
Zərərçəkmiş Zəhranın sözlərinə görə, 2015-ci ildə Tural ilə ailə həyatı qurub və bu evlilikdən onların iki azyaşlı oğlan övladı dünyaya gəlib:
"Münasibətlərimiz əvvəllər yaxşı olsa da, son zamanlar Tural ilə ailə münasibətlərimiz pisləşdi. Bu səbəbdən aramızda mütəmadi mübahisələr yarandı. Hətta boşanma ərəfəsində olduğumuzdan 2025-ci ilin sentyabr ayından etibarən atamın evinə köçdüm. Buna baxmayaraq, Tural yanıma gələrək mübahisə edirdi. Aramızda baş vermiş sonuncu mübahisə atamın evində baş verdi. Bu vaxt Tural telefonu sifət nahiyəmə vuraraq məni döydü".
Zərərçəkmiş şəxs ifadəsinin sonunda Tural ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Tural 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi, həmçinin yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməsi qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri həvalə edilib.
Fariz Məlikli


