Azərbaycanda ərzaq məhsullarının qiymətindəki dəyişikliklər əhalinin gündəlik xərclərinə və ailə büdcəsinə birbaşa təsir göstərir. Xüsusilə un, çörək, ət, süd məhsulları, tərəvəz və digər gündəlik tələbat mallarının qiymətindəki artım istehlakçıların alış-veriş seçimlərini dəyişə bilər.
Bəs yaxın aylarda Azərbaycanda ərzaq məhsullarının qiymətində bahalaşma gözlənilirmi, qiymət artımına hansı iqtisadi amillər təsir edir və bu proses ailə büdcəsində hansı dəyişikliklərə səbəb ola bilər?
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, ərzaq qiymətlərinin artımına təsir edən əsas amillər arasında idxaldan asılılıq, yüksək logistika və istehsal xərcləri, gömrük rüsumları, bazarda rəqabətin vəziyyəti yer alır.

Onun sözlərinə görə, ərzaq məhsullarının qiyməti ailələrin gündəlik büdcəsinə birbaşa təsir edir:
"Əhalinin gəlirləri qiymətlərdən daha yavaş artdıqda insanların real alıcılıq qabiliyyəti zəifləyir, ailələr digər ehtiyaclarına daha az vəsait ayırmağa məcbur qalırlar. Engel qanunu ilə ölçsək hazırda Azərbaycan əhaslisi qazancının 55+ faizini ərzaqa verir. Bu da artıq sosial riskin ən şiddətli etapları deməkdir. Yaxın dövrdə Azərbaycanda ərzaq qiymətlərinin artması riski isə qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin sentyabrında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ilin eyni ayı ilə müqayisədə 6,9 faiz, avqust ayı ilə müqayisədə isə 1,4 faiz artıb. Bu göstəricilər ərzaq inflyasiyasının əhalinin gündəlik xərclərinə təsirinin davam etdiyini göstərir.
Fikrimcə, Azərbaycanda ərzaq qiymətlərinin yüksək olmasının səbəblərini yalnız dünya bazarında qiymət artımı ilə izah edilməməlidir. Burada ölkənin iqtisadi siyasəti, idxaldan asılılıq, istehsal və daşınma xərcləri, bazarda rəqabətin səviyyəsi və gömrük siyasəti də ciddi rol oynayır. Ərzağın maya dəyərini artıran hər bir əlavə xərc son nəticədə istehlakçının ödədiyi qiymətdə əks oluna bilər. Bir sözlə bir istehsal edə bilmirik. İstehsal etmək istəyəndə də maya dəyəri baha başa gəlir.
İdxal olunan ərzaq məhsullarına tətbiq edilən gömrük rüsumları, gömrük rəsmiləşdirilməsi və sərhəddə yaranan digər xərclər məhsulun ölkəyə gətirilmə maya dəyərinə təsir edir. Yəni inflyasiyanı elə özümüz qapıda yaradırıq. Gömrük rüsumları yüksək olduqda bu, idxal məhsullarını bahalaşdıra, yerli bazarda rəqabəti zəiflədə və istehlakçının daha ucuz məhsul əldə etmək imkanlarını məhdudlaşdırır.
Azərbaycanın təxminən 25 ildir Ümumdünya Ticarət Təşkilatına üzv ola bilməməsi də ciddi müzakirə mövzusudur. Mənim qənaətimə görə, yüksək gömrük tarifləri ilə daxili bazarı qorumaq yanaşması bu prosesdə nəzərə alınmalı məsələlərdəndir. ÜTT-yə üzvlük tarif öhdəlikləri və ticarət qaydaları üzrə danışıqlar tələb etdiyindən, tarif siyasətinin dəyişməsi zərurəti yarana bilər.
Əsas problem ondadır ki, daxili istehsalın rəqabət qabiliyyətini artırmaq əvəzinə bazarı yüksək tariflərlə qorumaq uzunmüddətli perspektivdə səmərəli nəticə verməyə bilər. Əgər yerli istehsalçı məhsulu daha aşağı maya dəyəri ilə istehsal etmək, məhsuldarlığı artırmaq və keyfiyyətli məhsulla rəqabət aparmaq imkanına malik deyilsə, idxala maneələr yaratmaq istehlakçını bahalı ərzaq almağa məcbur edə bilər. Dövlətin iqtisadi siyasəti istehsalçını səmərəliliyə təşviq etməli, rəqabəti gücləndirməli və əhalinin münasib qiymətə ərzaq əldə etmək imkanlarını genişləndirməlidir.
Beynəlxalq Valyuta Fondunun 2026-cı il hesabatında da Azərbaycanda ərzaq inflyasiyasına xarici amillərin ciddi təsiri vurğulanır. Hesabata əsasən, 2025-ci ildə ərzaq qiymətlərindəki artımın təxminən üçdə ikisi əvvəlki altı ay ərzində Rusiyada baş verən inflyasiya ilə əlaqələndirilir. Bu, idxaldan asılılığın ölkə daxilində qiymət sabitliyini nə qədər həssas etdiyini göstərir. Digər tərəfdən, kənd təsərrüfatında istehsal xərcləri, suvarma problemləri, gübrə və yanacağın qiyməti, məhsulun saxlanması, daşınması və topdansatış-pərakəndə satış zəncirindəki xərclər də araşdırılmalıdır. Bazarda rəqabətin zəif olduğu sahələrdə qiymət artımının istehlakçıya ötürülməsi daha sürətli, qiymətlərin aşağı düşməsi isə daha ləng ola bilər. Buna görə də yalnız qiymətləri qeydiyyata almaq kifayət etmir. Qiymət artımının hansı mərhələdə və hansı səbəbdən yarandığı müəyyən edilməlidir.
Ərzaq qiymətlərinin artması xüsusilə aşağı və orta gəlirli ailələrə ağır təsir göstərir. Çünki bu ailələr gəlirlərinin daha böyük hissəsini qidaya xərcləyirlər. Ərzaq bahalaşdıqca ailələrin təhsil, səhiyyə, istirahət və digər ehtiyaclara ayırdığı vəsait azalır. Nominal əməkhaqqının artması da qiymət artımını üstələmirsə, insanların real gəlirləri zəifləyir.
Fikrimcə, ərzaq inflyasiyasına qarşı daha ciddi və nəticəyönümlü siyasət yürüdülməlidir. İlk növbədə, ərzaq məhsulları üzrə gömrük tariflərinin qiymətlərə təsiri təhlil edilməli, zəruri məhsullara tətbiq edilən rüsumların azaldılması imkanları qiymətləndirilməli, ÜTT-yə üzvlük danışıqlarında real irəliləyiş təmin olunmalı və daxili istehsalın səmərəliliyi artırılmalıdır. Eyni zamanda, bazarda rəqabətə mane olan hallar araşdırılmalı, logistika xərcləri azaldılmalı və qiymət zəncirinin bütün mərhələlərində şəffaflıq təmin edilməlidir.
Ərzaq təhlükəsizliyi yalnız ölkədə kifayət qədər məhsul istehsal etməklə ölçülmür. Əhalinin həmin məhsulları hansı qiymətə ala bilməsi də ən azı istehsal həcmi qədər vacibdir. Dövlətin əsas vəzifəsi istehlakçını bahalı bazarla üz-üzə qoymaq deyil, rəqabətli iqtisadi mühit yaratmaq, idxal və daxili istehsal kanallarını səmərəli idarə etmək və insanların alıcılıq qabiliyyətini qorumaqdır".


