İş yerlərində təhlükəsizliyin təmin edilməsi və əmək intizamına nəzarət məqsədilə müşahidə kameralarından geniş istifadə olunur. Lakin işçilərin kamera vasitəsilə izlənilməsi şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması ilə bağlı suallar yaradır. Bu zaman işəgötürənin nəzarət hüququ ilə işçinin şəxsi hüquqları arasında balansın qorunması vacibdir.
Bəs işəgötürən işçini hansı hallarda kamera ilə izləyə bilər? Müşahidə kameralarının quraşdırılması və görüntülərin qeydə alınmasının hüquqi sərhədləri nələrdir, hansı hallarda bu, qanun pozuntusu sayıla bilər?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, işəgötürən iş yerində təhlükəsizliyin təmin edilməsi, əmlakın qorunması və əmək fəaliyyətinə nəzarət məqsədilə müşahidə kameralarından istifadə edə bilər.

Onun sözlərinə görə, eyni zamanda, işçilərin şəxsi həyatın toxunulmazlığı hüququna hörmət edilməsi şərtilə onların iş prosesindəki fəaliyyəti də müəyyən həddə qədər izlənilə bilər:
"Lakin bu nəzarət həyata keçirilərkən işçilərin hüquqları və şəxsi həyatın toxunulmazlığı nəzərə alınmalıdır. Müşahidə kameralarının quraşdırılması və işçilərin fəaliyyətinin izlənilməsi ilə bağlı onlar əvvəlcədən məlumatlandırılmalı, bu məsələlər əmək münasibətlərini tənzimləyən sənədlərdə, o cümlədən əmək müqaviləsində və ya müvafiq daxili qaydalarda əksini tapmalıdır. Həmçinin, müşahidənin hansı məqsədlə aparıldığı, əhatə dairəsi və məlumatların necə istifadə ediləcəyi barədə aydınlıq olmalıdır.
Xüsusilə, işəgötürən nəzarət adı altında işçilərin şəxsi həyatına əsassız müdaxilə etməməli, müşahidəni zəruri və qanuni məqsədlərlə məhdudlaşdırmalıdır. Məsələn, iş yerində təhlükəsizliyin təmin olunması məqsədilə kameraların quraşdırılması ilə işçilərin şəxsi həyatına aid məkanlarda müşahidə aparılması eyni hüquqi qiymətləndirməyə malik deyil.
İşəgötürən bütün bu məsələləri əvvəlcədən hüquqi baxımdan düzgün şəkildə rəsmiləşdirməli və işçiləri məlumatlandırmalıdır. Bununla belə, sadəcə əmək müqaviləsində müvafiq qeydin aparılması işəgötürəni gələcəkdə yarana biləcək bütün hüquqi iddialardan avtomatik olaraq azad etmir. Əsas məsələ müşahidənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi və işçilərin hüquqlarının pozulmamasıdır".


