Vətən müharibəsində qızğın döyüşlərin getdiyi ön cəbhədə yer aldı, bizimlə birlikdə kədərləndi, bizimlə birlikdə sevindi, işğaldan azad olunmuş torpaqlardan ilk görüntüləri verənlər arasında onlar da vardı. Onlar Azərbaycanın haqq səsi oldu. Onlar “Haber Qlobal”çılardır.
Türkiyəyə səfərimizdə qardaş ölkənin media sektorunda özünəməxsus yeri olan, Vətən müharibəsində bizimlə birlikdə çiyin-çiyinə döyüşən “Haber Qlobal” televiziyasına baş çəkmək şansım oldu. Məqsədim həm Türkiyənin böyük media sektoru ilə yaxından tanış olmaq, həm də bizə təmannasız dəstək verən bu gözəl kollektivlə söhbətləşmək idi. Söhbətləşdik də...
Öyrəndim ki, Məmməd Gülməmmədovun icraçı direktoru olduğu “Haber Qlobal” hazırda qardaş Türkiyənin efir məkanında ilk beşlikdədir. 85 milyonluq auditoriya və bu auditoriyaya xitab edən çoxsaylı televiziyalar arasında bu uğuru əldə etmək böyük göstəricidir. Təbii ki, səbəbsiz də deyil. Əzmkarlıq, çalışqanlıq və ən əsası işinə sevgi ilə yanaşmaq.

“Haber Qlobal”ın baş ofisini gəzərkən bunu görməmək, hiss etməmək mümkün deyil.
500 nəfərə yaxın peşəkar kollektivi olan telekanal təkcə Türkiyədə yox, bir çox xarici ölkədə, o cümlədən, Azərbaycanda da sevilir, baxılır. 
Vətən müharibəsində Azərbaycan həqiqətlərini bütün dünyaya necə çatdırdıqlarının canlı şahidi olduq. 
Telekanal Türkiyəyə necə yanaşırsa, Azərbaycana da eyni münasibət göstərir.
Artıq Vətən müharibəsi başa çatıb, lakin “Haber Qlobal”çıların mübarizəsi başa çatmayıb. Onlar bu gün də Azərbaycan həqiqətlərini yorulmadan dünyaya tanıdırlar.

“Biz öz işimizi görürük”, “Haber Qlobal”çılar belə deyirlər.
Onlara Azərbaycan mediası adından təşəkkür düşür, təkcə təşəkkür yox, həm də minnətdarlıq. Uğur olsun!


Bakı-İstanbul-Bakı


