Seymur Qasımbəyli: Azərbaycan Ordusu ilanın başını yerindəcə əzdi

SOSİAL 15 iyl 2020, 19:58

Ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməzdir


Əgər ətrafında ilan varsa, o hər an sənə xain hücumu edəcəkdir. Ona görə də  ilanın başını çəkic altında əzmək yeganə çıxış yoludur. Ermənilər də ətrafımızda olan ilan kimidir. İmkan düşdükcə xain planlarını həyata keçirirlər. Növbəti belə məkirli addımlarını bu ayın 12-də addılar. Həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi. Bir növ ilanın başını yerindəcə əzən Azərbaycan əsgərinin əks-tədbirləri adekvat xarakter daşıdı, Ermənistanın təxribatına qətiyyətli cavab verildi. Erməni tərəfi verdiyi itkiləri gizlətməyə çalışaraq Ermənistan ictimaiyyətini  aldatmağa cəhd göstərdi. Lakin yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.


Diplomatiya və beynəlxalq uğur


Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Erməni lobbisi Azərbaycanın diplomatik uğurlarının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirir, hətta pul toplayaraq xarici siyasətçiləri almaq istiqamətində əməli addımlar atırlar. Bu fəaliyyət təkcə ABŞ və Avropada deyil, eyni zamanda keçmiş SSRİ məkanında, eləcə də Rusiyanın özündə də müşahidə edilməkdədir.


Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Bu problemləri aradan qaldırmaq üçün kənarda həm erməni lobbisini işə salan mənfur düşmənlərimiz həm də daxildə baş verəbiləcək narazılığı azaltmaq üçün müharibə ritorikasına əl atır.


Erməni təxribatının məqsədi nədir?


İyulun 12-də Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Çünki bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.


Ermənistanda etiraz aksiyalarına başlanılıb


Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.
Bu günlərdə həyata keçirlən döyüşlər zamanı ermənilər yenidən çaşdırıcı çməlumatlar yaymağa başladılar. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.


Azərbaycan xalqı cəbhə bölgəsinə getmək üçün küçələrə çıxdı


İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi.  Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.


Abşeron rayon İcra Hakimiyyətinin 
Mətbuat xidmətinin rəhbəri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top