Yeyib-içməyə təhsil və mədəniyyətə xərclədiyimizdən 9 dəfə çox pul sərf etmişik — RƏSMİ RƏQƏMLƏR

SOSİAL 02 iyl 2020, 20:25

Azərbaycanda adambaşına düşən istehlak xərcləri ayda 298 manat 40 qəpiyə bərabər olub. 


Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, istehlak xərclərinin 123 manat 80 qəpiyi ərzaq məhsullarının alınmasına yönəldilib. Bu da ümumi xərclərin 41,5%-ni təşkil edir.


Onu da qeyd edək ki, mehmanxana, kafe və restoranlarda adambaşına ayda 26 manat 80 qəpik, alkoqollu içkilərə 1 manat 60 qəpik, tütün məmulatlarına  isə ayda 4 manat 30 qəpik xərclədiyimizi də nəzərə alsaq ümumi xərclərimizin yarıdan çoxunu  - 52,4%-ni (156 manat 50 qəpik) qida məhsullarına, içkiyə və siqraetə yönəldirik.


İstehlak xərclərimiz arasında ərzaqdan sonra ən çox vəsait ev əşyalarının və məişət texnikasının alınmasına, həmçinin evə gündəlik qulluğa xərclənir. Bu məqsədlə adambaşına ayda orta hesabla 25 manat 60 qəpik xərcləyirik. Bu da ümumi xərclərin 8,6%-i təşkil edir.


Bundan başqa ayda 22 manat 60 qəpik (ümumi xərclərin 7,6%-i) su, işıq, qaz və digər yanacaq növlərinə xərcləyirik. Paltar və ayyaqqabıya ayda adambaşına orta hesabla 18 manat 40 qəpik sərf edirik ki, bu da ümumi xərclərin 6,2%-nə bərabərdir.


Ümumi xərclərimizin 19 manatını və ya 6,4%-ni nəqliyyata, 14 manat 40 qəpiyini və ya 4,8%-ni səhiyyəyə, 12 manat 70 qəpiyini və ya 4,3%-ni istirahət və mədəniyyətə, 9 manat 70 qəpiyini və ya 3,2%-ni rabitəyə, 5 manat 50 qəpiyini və 1,8%-ni isə təhsilə yönəldirik.


Rəqəmlərdən də göründüyü kimi yeyib-içmək və çəkmək (siqaret) üçün xərclədiyimiz vəsait (156 manat 50 qəpik) təhsil və mədəniyyət üçün xərclədiyimiz vəsaitdən (18 manat 20 qəpik) təxminən 9 dəfə çoxdur.


5 il əvvəllə müqayisədə ərzaq məhsullarına, kafe-restoranlara və siqaretə xərclədiyimiz vəsaitlər artsa da təhsilə, həmçinin istirahət və mədəniyyətə xərclədiyimiz vəsait azalıb.

 

İstehlak xərcləri
(orta aylıq)
2015-ci il 2019-cu il
Ərzaq məhsullarına 40,5 % 41,5 %
Tütün məmulatlarına 1 % 1,4 %
Səhiyyə 4,9 % 4,8 %
istirahət və mədəniyyət 4,4 % 4,3 %
Təhsil 2 % 1,8 %
Mehmanxana, kafe və restoran 8,8 % 9 %

 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top