Koronovirusla bağlı azərbaycanlı alimdən SENSASİON AÇIQLAMA

SOSİAL 29 may 2020, 16:52

Xəbər verdiyimiz kimi ötən gün Bakıda avtobusdan istifadə edən sərnişinlərin nəqliyyat vasitəsinə maskasız daxil olması haqqında məlumatlar öz əksini tapıb. Məlumatda bildirilir ki, maskadan istifadə etməyən sərnişinlərin nəqliyyat vasitəsinə daxil olmaları qadağan olunacaq.


Təbii ki, bunlar ölkəmizdə hazırda davam edən COVİD-19 əleyhinə mübarizədə insanların sağlamlıqlarına hesablanmış tədbirlərdir.


Bəzi qrup mütəxəssislərin fikrincə isə xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkən insalara daimi olaraq tibbi maska taxmaq məsləhət görülmür.
Mütəxəssislərin fikrincə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığı üçün bu cür xəstəliyi olan şəxslərin maska taxması onların orqanizmi üçün təhlükəli ola bilər. Qeyd olunub ki, bronxospazm, yüngül dərəcəli asfiksiya, nəfəs darlığı olan insanlar bu kateqoriyaya aiddir.


Həqiqətən də ağciyər xəstəliklərində risk qrupuna daxil olan şəxslərin maskadan istifadə etməsi onların sağlamlıqlarında təhlükə yarada bilərmi?


Demokrat.az-ın xəbərinə görə, mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinnin Ağciyər xəstəlikləri kafedrasının müdiri və dosenti, azərbaycanlı alim Rafiq Bayramov danışıb. Alim mövcud vəziyyəti, eləcə də sözügedən qrup şəxslərin risk daşıdığını nəzərə alaraq hər kəsin maskadan istifadə etməli olduğunu açıqlayıb. Əks halda ağciyərlə əlaqəli olan xəstəliklərdən əziyyət çəkən insanların virusa yoluxması daha təhlükəli nəticələrə gətirib çıxara bilər:


"Hazırda Azərbaycanda yoluxma rəqəmləri elə də ürəkaçan deyil. Bu, xalqımızın epidemiyaya görə həmrəy olmaması ilə əlaqəli məsələdir. İnsanlar şəxsi gigiyena qaydalarına, sosial məsafənin qorunmasına riayiət etmir, bu da nəticədə yoluxmaların artmasına səbəb olur. Məsələyə kim maska taxacaqsa nəfəs darlığı yaranacaq deyə taxmasın, infeksiyanı yoluxdursun kimi aspektdən yanaşmıram, həmin fikir ilə razı deyiləm. Ümumiyyətlə hazırkı koronavirus pandemiyası dövründə hər bir kəsin birmənalı olaraq qoyulan qaydalara əməl etməsi, infeksiyanın mübarizəsinə qoşulması lazımdır. Əgər insanlar qaydalara düzgün şəkildə əməl etməsələr, infeksiya ilə mübarizə aparmaq mümkün olmayacaq. Konkret olaraq maskanı kimlər taxa bilər, kimlər taxa bilməz məsələsinə gəldikdə isə bildirim ki, ağciyər xəstəliyindən əziyyət çəkən insanların hamısı maskasız da normal tənəffüs edə, nəfəs ala bilmir. Həmin adamlar maska taxanda nəfəs alacaqlar. Başqa bir tərəfdən yanaşsaq, belə adamların maska taxmadan infeksiyaya yoluxmasını göz önünə alsaq, bu daha təhlükəlidir, nəinki maskanı taxıb tənəffüsü daha çətin, daha ağır almaq. Xəstə olan insanlar ictimai yerlərdə olmamalıdırlar. Ümumilikdə götürəndə isə qeyd edim ki, xəstələrin maska taxması önəmlidir. Tənəffüs infeksiyalarında xəstələrin maska taxması qorunmaq baxımından daha önəmlidir. Çünki tənəffüs infeksiyalarının, o cümlədən COVİD-19-a da əsas yoluxma yolu aerogen yoldur. Yəni virus insanlara nəfəs, hava ilə keçir. Xəstələr maskanı taxdıqda onların digər şəxsləri yoluxdurma ehtimalı bir o qədər az olur".

 

Azərbaycanlı alim Rafiq Bayramov həmçinin ağciyər xəstəliyindən əziyyət çəkən insanların koronavirus xəstəliyini ağır fəsadlarla keçirməsini qeyd edib və ölüm riski daşıma ehtimalı olan ağciyər xəstəliklərinin adını da açıqlayıb:


"Bronx- abstruktiv, bronxial- astma, xroniki abstruktiv ağciyər xəstəliyi olan insanların onsuz da adi halda da nəfəs darlığı olur. Belə insanlar koronavirusa yoluxduğu halda xəstəliyi daha ağır keçirirlər. Çünki virusun ən çox zədələdiyi orqan tənəffüs orqanlarıdır. Həmin adamlarda bronx- ağciyər aparatı zədənlənmiş olduğundan belə adamların maskalardan istifadə etməsi vacibdir. Qeyd edim ki, bronx- ağciyər aparatının 800- dən çox xəstəliyi var. Demək olar ki, hamısı COVİD-19 infeksiyasına yoluxmaya görə risk qrupuna daxildir. Belə xəstələrin hamısında ağciyər aparatı normal olmur və ya zədələnmiş olur. Rast gəlmə tezliyi ilə müqayisə etsək, yəni daha çox rast gəldiyimiz vəziyyətləri nəzərə alsaq, ən çox ağciyər vərəmi, xroniki abstruktiv ağciyər, bronxial- astma xəstəliyi olanlar sözügedən virusa yoluxmada daha ağır forma ilə yanaşı ölüm riskinə daxildirlər. Maskanı taxa bilməyən insanların bir qrupu da tütün çəkən insanlardır. Tütün çəkənlər də tənəffüs darlığı yaşaya bilər ".(sonxeber.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top