Türkiyənin Mersin vilayətində iki qadının yabanı otlardan hazırladıqları yeməkdən sonra səhhətləri pisləşib. Onlardan biri həyatını itirib, digəri isə xəstəxanaya yerləşdirilib.
Demokrat.az xəbər verir ki, hadisə Tarsus rayonunun Beylice məhəlləsində baş verib.
Məlumata görə, 55 yaşlı Durdane Oğmaç və 53 yaşlı əmisi qızı Nuran Oğmaç zeytun yığımı zamanı topladıqları gicitkən və digər yabanı otları yumurta ilə qarışdıraraq yemək hazırlayıblar.
Yeməyi qəbul etdikdən bir müddət sonra hər iki qadının vəziyyəti qəfil pisləşib. Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub.
Tibbi heyət Durdane Oğmaçın həyatını xilas edə bilməyib. Nuran Oğmaç isə ilkin tibbi müdaxilədən sonra Tarsus Dövlət Xəstəxanasından Mersin Universiteti Xəstəxanasına köçürülüb. Onun müalicəsinin davam etdiyi bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Qadının ölümünün dəqiq səbəbi hələlik rəsmən açıqlanmayıb.



