ABŞ, Çin, Rusiya və Avropa arasında siyasi və iqtisadi ziddiyyətlərin dərinləşməsi beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsi yaradıb. Böyük güclər arasında artan rəqabət, qarşılıqlı sanksiyalar və geosiyasi maraqların toqquşması dünyada yeni siyasi blokların formalaşması ehtimalını gündəmə gətirir. Bu proseslər Soyuq Müharibə dövrünü xatırladan yeni qlobal qarşıdurmanın başlaya biləcəyi ilə bağlı müzakirələri də artırır.
Bəs böyük güclər arasında mümkün bloklaşma Azərbaycanın xarici siyasətinə necə təsir göstərə bilər və ölkə bu şəraitdə balansı qorumaq üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, ABŞ, Çin, Rusiya və Avropa arasında dərinləşən siyasi, iqtisadi və geosiyasi rəqabət beynəlxalq münasibətlər sistemində yeni bloklaşma meyillərini gücləndirir.

Onun sözlərinə görə, müasir dünyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, böyük güclər arasında mübarizə artıq sırf hərbi və siyasi müstəvidə getmir:
"Texnologiya, enerji, ticarət, maliyyə, nəqliyyat-kommunikasiya xətləri və informasiya təhlükəsizliyi də qlobal rəqabətin əsas istiqamətlərinə çevrilib. Bu mənzərə müəyyən mənada yeni Soyuq Müharibəni xatırlatsa da, bugünkü beynəlxalq sistem ötən əsrin ikiqütblü dünyasından ciddi şəkildə fərqlənir. İndiki şəraitdə dövlətlərin hamısının konkret bir siyasi və hərbi blokun daxilində yer alması ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəbdir. Çünki iqtisadi maraqlar, təhlükəsizlik prioritetləri və regional tərəfdaşlıqlar bir çox hallarda üst-üstə düşmür. Hətta rəqabət aparan böyük dövlətlər də müəyyən məsələlərdə iqtisadi əməkdaşlığı davam etdirmək məcburiyyətində qalırlar. Buna görə də dünyada sərt ikiqütblü sistemdən daha çox, müxtəlif güc mərkəzlərinin formalaşdırdığı çoxqütblü və rəqabətli beynəlxalq düzən müşahidə olunur. Azərbaycan belə bir mürəkkəb geosiyasi şəraitdə özünəməxsus xarici siyasət modeli ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və çoxvektorlu siyasət ölkəmizə müxtəlif güc mərkəzləri ilə milli maraqlara əsaslanan münasibətlər qurmağa imkan verir. Azərbaycanın ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və Türkiyə ilə münasibətləri bir-birini istisna edən istiqamətlər deyil, dövlətimizin beynəlxalq mövqeyini gücləndirən mühüm tərəfdaşlıq platformalarıdır.
Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkəmiz geosiyasi proseslərin passiv müşahidəçisi deyil. Enerji təhlükəsizliyi, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat bağlantıları və regional kommunikasiyalar Azərbaycanın beynəlxalq əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır. Avropanın enerji təchizatında ölkəmizin rolu, Çinin qlobal nəqliyyat təşəbbüslərində Azərbaycanın mövqeyi, Türkiyə ilə strateji müttəfiqlik və Rusiya ilə qonşuluq münasibətləri Bakının beynəlxalq siyasətdə çəkisini nümayiş etdirir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətinin əsasını hər hansı böyük gücün geosiyasi maraqlarına uyğunlaşmaq deyil, milli suverenliyin, ərazi bütövlüyünün və müstəqil dövlətçilik iradəsinin qorunması təşkil edir. Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini diktə edə bilən, milli maraqlarını prinsipial şəkildə müdafiə edən dövlət kimi tanınır. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunun artmasında, müxtəlif siyasi mərkəzlərlə bərabərhüquqlu münasibətlərin inkişafında mühüm rol oynayır.
Hesab edirəm ki, dünya yeni Soyuq Müharibənin astanasından daha mürəkkəb, çoxmərkəzli rəqabət mərhələsinə keçir. Belə bir beynəlxalq mənzərədə Azərbaycan müstəqil xarici siyasəti, güclü dövlətçilik ənənələri, artan iqtisadi və enerji potensialı, regional təşəbbüsləri və prinsipial diplomatik mövqeyi ilə seçilən ölkələr sırasındadır. Azərbaycanın bugünkü geosiyasi çəkisi onun coğrafi mövqeyindən daha geniş məna daşıyır: ölkəmiz artıq regional proseslərin formalaşmasında iştirak edən, qlobal güc mərkəzlərinin hesablaşdığı və beynəlxalq gündəmdə öz sözünü deyən müstəqil aktordur".



