DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. İşıqforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.
Bəs, adi işıqforlardan fərqli siqnallara malik olan bu sistemə həm avtobus, həm də digər nəqliyyat vasitələrinin sürücüləri nə dərəcədə hazırdır?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, sürücülərin yeni işıqfor sisteminə uyğunlaşması üçün müəyyən maarifləndirmə işləri aparılmalı və bunun üçün vaxt lazımdır:
"Çünki bu sistem Bakıda ilk dəfə tətbiq olunur və sürücülər indiyədək belə işıqforlarla, siqnallarla qarşılaşmayıblar. Həm avtobus sürücüləri, həm də digər yol hərəkəti iştirakçıları yeni sistem barədə geniş məlumatlandırılmalı, maarifləndirmə işləri aparılmalıdır.
Bildiyimə görə, hazırda da bu istiqamətdə işlər görülür".
Eldəniz Cəfərovun sözlərinə görə, beynəlxalq təcrübədə belə işıqforlar mövcuddur:
"Ölkəmizdə də bu sistemin tətbiqi qanunvericilikdə nəzərdə tutulub. Burada əsas məsələ işıqforların yolun xüsusiyyətlərinə uyğun quraşdırılması və digər nəqliyyat axınları ilə düzgün əlaqələndirilməsidir. Hər halda, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər təqdirəlayiqdir.
Ümid edirik ki, yeni quraşdırılan işıqforlar yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək".
Beləliklə, düzgün maarifləndirmə və yol axınlarının uzlaşdırılması yeni işıqforların paytaxtda təhlükəsizliyi artırmasına şərait yaradacaq.
Fidan Hacızadə



