"2026-cı ildə süni intellekt müxtəlif sahələrdə gözlənilməz nəticələr əldə etdi. Əvvəllər bir modeldən digərinə keçidi və yeni versiyaların təqdim olunmasını aylarla gözləyirdiksə, indi bu proses həftələrə, hətta günlərə qədər sürətlənib. Məsələn, bu yaxınlarda Claude şirkəti Fable 5.2 modelini təqdim etdi. Ondan heç bir həftə keçməmiş ChatGPT Astra 6.2 modeli istifadəyə verildi. Bu da texnoloji inkişafın əvvəlki dövrlərlə müqayisədə nə qədər sürətləndiyini göstərir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında rəqəmsal texnologiyalar üzrə mütəxəssis Vasif Qəhrəmanov deyib.

Onun sözlərinə görə, insanlar bu inkişaf tempi ilə ayaqlaşmağı bacarmalıyıdır:
"Hətta NVIDIA-nın təsisçisi də qeyd etmişdi ki, gələcəkdə ən vacib bacarıqlardan biri sürətlə öyrənmək, yenilikləri qısa müddətdə mənimsəmək olacaq. Çünki bir çox ənənəvi bacarıqlar artıq süni intellekt tərəfindən əvəzlənir. Süni intellekt proqramçıdan daha yaxşı kod yaza, dizaynerdən daha yaxşı dizayn hazırlaya bilir. Bu cür nümunələri müxtəlif sahələr üzrə göstərmək mümkündür. Düşünürəm ki, insan artıq bu texnoloji inkişafla rəqabət apararaq süni intellekti qabaqlaya bilməz. Əsas məsələ onun yaratdığı imkanları öz fəaliyyətinə uyğunlaşdırmaq, vaxtında öyrənmək və öz xeyrinə istifadə etməkdir. İnsan süni intellektlə rəqabət aparmaq əvəzinə, onu düzgün idarə etməyi bacarmalıdır.
Qarşıdakı dövrdə, 2030-cu ilə qədər bizi AGI ümumi süni intellektin meydana çıxması gözləyə bilər. Bəs AGI nədir? Bu, yalnız müəyyən bir işi yerinə yetirən süni intellektdən fərqli olaraq, insan kimi müxtəlif sahələrdə düşünə və fəaliyyət göstərə bilən sistemdir. Məsələn, o, sadəcə proqramlaşdırma və ya dizaynla məşğul olmayacaq, eyni zamanda layihə meneceri kimi bütöv bir layihəni idarə edə biləcək. Başqa sözlə, həm dizayner, həm proqramçı, həm də biznes proseslərini idarə edən mütəxəssis funksiyalarını özündə birləşdirəcək.
Beləliklə, insan intellekti ilə müqayisə oluna biləcək ümumi qabiliyyətlərə malik sistemdən söhbət gedir. Bundan sonrakı mərhələdə isə ASI superintellekt anlayışı gündəmə gəlir. Bu mərhələdə süni intellektin insan zəkasını əhəmiyyətli dərəcədə üstələyəcəyi, insanların indiyədək kəşf edə bilmədiyi elmi yeniliklərin və texnologiyaların ortaya çıxacağı ehtimal olunur.
Məsələn, insan beyninin yüz illərlə həll edə bilmədiyi bəzi elmi problemlərin süni intellekt tərəfindən araşdırılması mümkün ola bilər. Düzdür, bu, hələlik daha çox nəzəri və futuristik yanaşmadır. Lakin AGI-yə doğru inkişaf artıq real texnoloji proseslərin bir hissəsidir. Məsələn, əvvəllər süni intellekt kompüteri insan kimi idarə edə bilmirdi. İndi isə o, lazımi düymələri sıxa, müxtəlif saytlara daxil ola, məlumat axtara və araşdırma apara bilir. Yəni texnologiya artıq sadəcə suallara cavab vermək mərhələsindən çıxaraq, müəyyən tapşırıqları müstəqil şəkildə yerinə yetirmək imkanına yiyələnir. Biz qarşımızda duran əsas vəzifə yeni texnologiyaları vaxtında öyrənmək, mənimsəmək və gündəlik fəaliyyətimizdə tətbiq etməkdir. Gələcəyin ən vacib bacarığı məhz dəyişən texnologiyalara sürətlə uyğunlaşmaq olacaq".



