Marketlərdə satılan yumurtaların qabıq rənginin fərqli olması çoxlarını maraqlandırır. Əslində, bu fərq toyuğun cinsi və genetik xüsusiyyətləri ilə bağlıdır. Qabığın rəngi isə yumurtanın qida dəyərinə təsir etmir.
Demokrat.az xəbər verir ki, bu barədə Miçiqan Dövlət Universitetinin mütəxəssislərinin hazırladığı məlumatda qeyd olunub.
Məlumata görə, toyuğun hansı rəngdə yumurta verəcəyini onun cinsi müəyyən edir. Məsələn, Leghorn cinsindən olan toyuqlar ağ, Orpington cinsindən olanlar qəhvəyi, Ameraucana cinsinə aid toyuqlar isə mavi qabıqlı yumurta verir.
Toyuğun qulaq payının rəngi də bu barədə müəyyən ipucu verə bilər. Belə ki, qulaq payı ağ olan toyuqlar, adətən, ağ qabıqlı yumurta qoyur.
Qəhvəyi yumurtaların ağ yumurtalardan daha faydalı və qidalı olması barədə fikir isə elmi baxımdan təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, qabığın rəngi yumurtanın daxili quruluşunu və qida dəyərini dəyişmir.
Maraqlı nümunələrdən biri də zeytun yaşılı rəngdə yumurta verən Olive Egger toyuqlarıdır. Bu cins qəhvəyi və mavi yumurta verən iki fərqli toyuq cinsinin çarpazlaşdırılması nəticəsində əldə olunub.



