Deputat Razi Nurullayev parlamentdə Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi barədə danışıb.
Demokrat.az musavat.com-a istinadən xəbər verir ki, deputat sosial müdafiə sisteminin əhatə dairəsi ilə bağlı bir problemə diqqət çəkmək istədiyini bildirib:
"Bu gün ünvanlı dövlət sosial yardımı mexanizmi mövcuddur. Lakin müxtəlif prosedurlar, gəlirlərin hesablanması və digər meyarlar səbəbindən həqiqətən ağır vəziyyətdə olan bəzi insanlar bu yardımdan yararlana bilmir.
Təsəvvür edək, bir ailənin ötən il normal gəliri olub. Ancaq bu gün ailə başçısı ağır xəstələnib, işini itirib, qəza keçirib və ya ailənin başına başqa bədbəxt hadisə gəlib. Ailənin iqtisadi vəziyyəti bir neçə gün ərzində tamamilə dəyişib. Amma mövcud qiymətləndirmə mexanizmi ailənin əvvəlki dövr üzrə gəlirlərini də nəzərə alır. Nəticədə insanın bugünkü ehtiyacı ilə sosial yardım meyarları arasında ciddi fərq yaranır. Digər tərəfdən, elə xəstələrimiz var ki, müalicə və dərman xərclərini qarşılamaq imkanları yoxdur, bəzi zəruri xidmətlər isə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Sosial Xidmətlər Agentliyinin xidmətlərinə ehtiyacı olan, lakin müxtəlif, o cümlədən bəzən səhlənkarlıq səbəblərindən həmin xidmətlərə çıxış əldə edə bilməyən vətəndaşlarımız da kifayət qədərdir".
Razi Nurullayev qeyd edib ki, burada haqlı sual yaranır:
"Mövcud sosial müdafiə mexanizmlərinə müxtəlif obyektiv və subyektiv səbəblərdən çata bilməyən, amma həqiqətən köməyə ehtiyacı olan insan nə etməlidir? Necə yaşamalı, necə sağ qalmalıdır? Təklif edərdim ki, dövlət büdcəsində ayrıca Fövqəladə Sosial Dəstək Fondu yaradılsın. Bu fond ağır xəstəlik, qəza, yanğın, ailə başçısının vəfatı, qəfil gəlir itkisi və digər gözlənilməz hadisələr nəticəsində ağır vəziyyətə düşən ailələrə operativ və ünvanlı yardım göstərsin. Müraciətlərə qısa müddətdə baxılsın, təxirəsalınmaz hallarda ilkin yardımın gecikdirilməməsi təmin edilsin. İkinci məsələ minimum pensiyaların real alıcılıq qabiliyyətidir.
Pensiyanın nominal məbləğinin artırılması həmişə pensiyaçının həyat şəraitinin yaxşılaşması demək deyil. Ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri xərclərin artması nəzərə alınaraq, pensiyaların indeksləşdirilməsi mexanizminin real yaşayış xərclərinə daha həssas olması vacibdir. Xüsusilə yalnız pensiya hesabına yaşayan vətəndaşların sosial vəziyyəti xüsusi diqqət və əməli tədbirlər tələb edir. Üçüncü məsələ uzunmüddətli xəstəlik səbəbindən gəlirini itirən insanlardır. Bəzi vətəndaşlar aylarla müalicə alır, işləmək imkanını itirir, eyni zamanda ailənin gündəlik xərcləri və müalicə məsrəfləri davam edir. Belə hallarda mövcud müavinətlərin yetərliliyi və əhatə dairəsi yenidən qiymətləndirilməli, uzunmüddətli xəstəlik dövründə gəlir itkisini qismən kompensasiya edən əlavə sosial dəstək mexanizmi nəzərdən keçirilməlidir. Dördüncü məsələ sosial yardım sistemində şəffaflıqdır. Təklif edirəm ki, hər il ünvanlı sosial yardım üçün müraciət edənlərin, yardım alanların, imtina cavabı alanların və şikayəti təmin olunanların sayı, eləcə də imtinaların əsas səbəbləri ictimaiyyətə açıqlansın. Biz sistemin nə qədər vəsait xərclədiyini bilməklə yanaşı, bu vəsaitin həqiqətən ehtiyacı olan insanlara nə dərəcədə çatdığını da görməliyik".
Deputat bildirib ki, sosial müdafiənin məqsədi yalnız pensiya və müavinət ödəmək deyil:
"Əsas məqsəd insanı həyatının ən çətin anında köməksiz qoymamaqdır. Bəzən vaxtında verilən bir neçə min manatlıq yardım ailənin borca düşməsinin, müalicəsiz qalmasının və daha ağır sosial vəziyyətə yuvarlanmasının qarşısını ala bilər.
Xahiş edirəm, bu təkliflər hökumət tərəfindən kompleks şəkildə araşdırılsın, 2027-ci ilin dövlət büdcəsində əlavə sosial dəstək mexanizmləri üçün maliyyə imkanları nəzərdən keçirilsin və onların həyata keçirilməsi üçün konkret icra mexanizmləri müəyyən edilsin.
İnsan dövlətin sosial yardım meyarlarına uyğun gəlmədiyinə görə sosial sıxıntı içərisində, müalicədən və köməkdən kənar vəziyyətdə qalmamalıdır. Çıxışımı bu cümlə ilə tamamlamaq istəyirəm. Dövlətin sosial müdafiə sistemi insanın həyatında baş verən bədbəxt hadisələrdən daha sərt olmamalıdır".



