İş axtaranların qarşılaşdığı problemlərdən biri də vakansiyalarda yaş və cins məhdudiyyətlərinin qoyulmasıdır. Bir sıra iş elanlarında yalnız müəyyən yaş aralığında olan namizədlərin və ya konkret cinsdən olan şəxslərin müraciət etməsi tələb olunur.
İşəgötürənlərin vakansiyalarda yaş və cins məhdudiyyəti qoyması qanunidirmi? Belə hallarla qarşılaşan şəxslər hansı hüquqi addımları ata bilərlər?
İnsan resursları üzrə meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyi əmək münasibətlərində bərabərlik prinsipini əsas götürür:
"İşəgötürənin işçi seçmək hüququ olsa da, bu hüquq ona namizədlər arasında əsassız ayrı-seçkilik etmək səlahiyyəti vermir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, əmək münasibətlərində cinsinə, yaşına, ailə vəziyyətinə və işçinin peşəkarlıq səriştəsi, işgüzar keyfiyyətləri, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə birbaşa və ya dolayı ayrı-seçkilik edilməsi qadağandır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi kişi və qadınların bərabər hüquqlara malik olduğunu, 35-ci maddəsi isə hər kəsin öz qabiliyyəti əsasında sərbəst şəkildə peşə və iş yeri seçmək hüququnu təsbit edir. Bu baxımdan, işəgötürənin vakansiya elanında yalnız 18–25 yaş aralığında olan şəxslərin müraciət etməsini tələb etməsi və ya işin xüsusiyyətləri bunu zəruri etmədiyi halda yalnız qadın və ya kişi namizədlərə üstünlük verməsi hüquqi baxımdan əsaslandırılmalıdır. İşəgötürən namizədləri yaşına və cinsinə görə deyil, ilk növbədə onların peşəkar biliklərinə, təcrübələrinə, bacarıqlarına və vəzifənin tələblərinə uyğunluqlarına görə qiymətləndirməlidir. Əks halda, belə tələblər konkret şəraitdən asılı olaraq ayrı-seçkilik hesab edilə bilər. Əmək Məcəlləsinin 16-cı maddəsində yaş ayrı-seçkilik yarada bilən amillərdən biri kimi açıq şəkildə göstərilir. Yəni namizədin 35, 40 və ya 50 yaşında olması onun həmin vəzifəni yerinə yetirmək qabiliyyətini avtomatik olaraq şübhə altına almamalıdır. Məsələn, bir şirkət mühasib vakansiyası elan edərək müraciət üçün 20–28 yaş aralığını müəyyənləşdirir. Halbuki vəzifənin əsas tələbləri mühasibatlıq bilikləri, müvafiq proqramlardan istifadə bacarığı və iş təcrübəsidir. Bu halda 35 və ya 45 yaşlı, müvafiq təcrübəyə və biliklərə malik namizədin yalnız yaşına görə müraciət imkanının məhdudlaşdırılması ayrı-seçkilik məsələsini gündəmə gətirir. Lakin yaşla bağlı qanuni məhdudiyyətlərin mövcud olduğu hallar da var. Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən, 15 yaşına çatmamış şəxslərin işə qəbul edilməsinə yol verilmir. 18 yaşına çatmamış şəxslərin ağır, zərərli və qanunla müəyyən edilmiş digər işlərdə çalışması qadağandır. 15–18 yaş aralığında olan şəxslərlə əmək müqaviləsi bağlanarkən qanunvericilikdə nəzərdə tutulmuş əlavə şərtlərə əməl edilməlidir. Həmçinin Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və qanunda nəzərdə tutulan şərtlərlə bu müddət uzadıla bilər".
Röyal Əhmədov qeyd edib ki, yaş məhdudiyyəti yalnız işəgötürənin şəxsi istəyi ilə deyil, qanunvericilikdə nəzərdə tutulan əsaslarla və ya işin xüsusiyyətləri ilə bağlı obyektiv zərurət olduqda əsaslandırılmalıdır:
"Cinsə görə məhdudiyyətlərə gəldikdə isə, Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanununun 10-cu maddəsi bu məsələyə aydınlıq gətirir. Həmin maddənin 10.1-ci bəndinə əsasən, işə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatların soruşulmasına yol verilmir. 10.3-cü maddəyə əsasən, yalnız bir cinsin nümayəndələri üçün müsabiqənin elan edilməsinə də yol verilmir. Bununla belə, qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulub. 10.4-cü maddəyə əsasən, əmək funksiyasının xüsusiyyətlərinə görə işçinin cinsi müəyyənedici şərt olduqda və ya Əmək Məcəlləsinə uyğun olaraq həmin işlərə qadın əməyinin tətbiqi qadağan edildikdə istisna mümkündür. Məsələn, müəyyən xidmət sahələrində şəxsin cinsi əmək funksiyasının özünəməxsus xüsusiyyətlərinə görə obyektiv əhəmiyyət daşıya bilər. Lakin bu istisna işəgötürənin şəxsi istəyinə və ya stereotiplərə əsaslana bilməz. Sadəcə olaraq, işəgötürənin "biz bu vəzifədə kişi ilə işləmək istəyirik" və ya "bizə yalnız xanım əməkdaş lazımdır" deməsi öz-özlüyündə hüquqi əsas hesab edilmir. İşəgötürən namizədi yalnız yaşına və ya cinsinə görə işə qəbul etmədikdə, həmin şəxs ilk növbədə öz hüquqlarını qorumaq üçün mövcud sübutları toplamalıdır. Bunun üçün vakansiya elanının ekran görüntüsünü, internet ünvanını, dərc olunduğu tarixi, şirkətin adını və digər məlumatları saxlamaq vacibdir. Əgər namizəd müsahibədə iştirak edib və ya müraciətinə mənfi cavab alıbsa, işəgötürəndən imtinanın səbəbini və yaş və ya cins tələbinin hansı hüquqi əsasla müəyyən edildiyini soruşa bilər. Əmək qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə 142 Çağrı Mərkəzi, DOST mərkəzləri və ya e-sosial platforması vasitəsilə müraciət etmək mümkündür. Zərurət yarandıqda məhkəməyə də müraciət edilə bilər. Ayrı-seçkiliyə məruz qalan işçi Əmək Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə əsasən, pozulmuş hüququnun bərpası tələbi ilə məhkəməyə müraciət edə bilər. İşə qəbul mərhələsində baş vermiş ayrı-seçkilik hallarında da hüquqi müdafiə imkanları konkret faktlar və sübutlar əsasında qiymətləndirilməlidir.
Burada xüsusi olaraq bir məqamı qeyd etmək istəyirəm ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunun 8.2-ci maddəsi işə qəbul müraciətinə rədd cavabı almış şəxsə işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə işəgötürəndən yazılı izahat tələb etmək hüququ verir. Bu, namizədin öz hüquqlarını müdafiə etməsi baxımından mühüm hüquqi mexanizmdir. Hesab edirəm ki, işəgötürənlər və xüsusilə insan resursları mütəxəssisləri vakansiya elanlarının hazırlanmasına daha peşəkar və hüquqi yanaşmalıdırlar. İşə qəbul prosesinin əsas məqsədi şirkətin ehtiyaclarına uyğun, peşəkar və lazımi bacarıqlara malik əməkdaşın seçilməsidir. Bu seçim zamanı namizədin yaşı və cinsindən daha çox onun işin öhdəsindən gəlmək potensialı nəzərə alınmalıdır. Məsələn, işəgötürən fiziki güc tələb edən vəzifə üçün yalnız kişi namizəd axtarmaq əvəzinə, vəzifənin konkret fiziki tələblərini göstərməlidir. Eyni zamanda, müştərilərlə ünsiyyət tələb edən vəzifə üçün yalnız gənc namizədlərə üstünlük vermək əvəzinə, ünsiyyət bacarıqlarını, təcrübəni və xidmət keyfiyyətini əsas götürməlidir. Vakansiya elanlarında təhsil və ixtisas tələbləri, iş təcrübəsi, peşəkar bilik və bacarıqlar, kompüter və proqram təminatlarından istifadə imkanları, vəzifə öhdəlikləri, iş qrafiki, əmək şəraiti və vəzifənin icrası üçün zəruri olan digər obyektiv meyarlar göstərilməlidir. Belə yanaşma həm işəgötürən üçün daha geniş namizəd bazası formalaşdırır, həm də iş axtaran şəxslərin bərabər imkanlardan yararlanmasına şərait yaradır. Mənim fikrimcə, əmək bazarında əsas diqqət insanın yaşına və cinsinə deyil, onun bacarığına, biliyinə, təcrübəsinə və peşəkarlığına yönəlməlidir. İşəgötürənlərin uyğun namizədi seçmək hüququ var. Ancaq bu seçim qanunvericiliyin müəyyən etdiyi bərabərlik prinsipləri çərçivəsində həyata keçirilməlidir. Digər tərəfdən, iş axtaran şəxslər də bilməlidirlər ki, onların əmək hüquqları qanunla qorunur. Vakansiyada yaş və ya cins məhdudiyyəti ilə qarşılaşdıqda bunu adi işə qəbul tələbi kimi qəbul etməməli, həmin məhdudiyyətin hüquqi əsasını araşdırmalıdırlar".



