YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Bəzi insanlar niyə cəmi 4 saat yatmaqla kifayətlənir? - Alimlər səbəbini açıqladı

Bəzi insanlar niyə cəmi 4 saat yatmaqla kifayətlənir? - Alimlər səbəbini açıqladı

Bəzi insanlar üçün sutkada 4-6 saat yatmaq tamamilə kifayət edir. Alimlər bu qeyri-adi xüsusiyyətin bir neçə gendə baş verən nadir mutasiyalarla əlaqəli olduğunu müəyyən ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin San-Fransiskodakı (UCSF) nevrologiya professoru İn-Huey Fu universitetin jurnalına müsahibəsində danışıb.

Alimin sözlərinə görə, təbii olaraq az yatan insanları iş və ya həyat tərzinə görə yuxusunu məhdudlaşdıran şəxslərdən fərqləndirmək lazımdır. Belə insanlar adətən 4-6 saatlıq yuxudan sonra zəngli saata ehtiyac duymadan özləri oyanır və gün ərzində özlərini tam istirahət etmiş kimi hiss edirlər. Maraqlıdır ki, bu xüsusiyyət çox vaxt eyni ailənin bir neçə üzvündə müşahidə olunur.

Fu bu fenomenlə ilk dəfə 1996-cı ildə qarşılaşıb. O zaman alim gecə yatıb bir neçə saat sonra oyanan qadını araşdırıb. Sonradan həmin şəxsdə yuxu rejiminin qeyri-adiliyini izah edən genetik mutasiya aşkarlanıb. Daha sonra tədqiqatçılar oxşar xüsusiyyətə malik onlarla ailə müəyyən ediblər.

2009-cu ildə alimlər təbii qısa yuxu ilə əlaqəli ilk mutasiyanı DEC2 genində aşkar ediblər. Sonrakı araşdırmalarda isə başqa genetik dəyişikliklər də müəyyən olunub. Onlardan biri ADRB1 genindəki mutasiyadır. Bu dəyişiklik oyaqlığı qorumaqda iştirak edən neyronların aktivliyinin artması ilə əlaqələndirilir. Eksperimentlər göstərib ki, həmin xüsusiyyət beynin yuxudan oyanıqlıq vəziyyətinə daha sürətli keçməsinə kömək edə bilər.

Tədqiqatçıların fikrincə, bu insanların az yatmaq qabiliyyəti sadəcə yuxusuzluğa dözümlülüklə bağlı deyil. Onların beynində yuxu zamanı baş verən bərpa prosesləri daha səmərəli həyata keçə bilər. Buna görə də orqanizmin istirahət üçün daha az vaxta ehtiyacı yaranır.

Bununla belə, professor xəbərdarlıq edib ki, adi insanların yuxu müddətini süni şəkildə azaltmaqla belə bir xüsusiyyət qazanması mümkün deyil.

Fu hesab edir ki, bunun təhlükəsiz üsulu yoxdur. Əksər insanlar üçün müntəzəm olaraq cəmi 4-5 saat yatmaq orqanizmin ehtiyaclarını qarşılamaq baxımından kifayət etmir.