YapiKredi Müraciət Forması
İdman Özəl

"Barselona" VIP yerləri sataraq 80 milyon avro qazanacaq

Barselona VIP yerləri sataraq 80 milyon avro qazanacaq

İspaniyanın "Barselona" klubu mali öhdəliklərini yerinə yetirmək və əlavə gəlir əldə etmək məqsədilə "Spotify Camp Nou" stadionundakı VIP oturacaqların satışını sürətləndirib. Kataloniya təmsilçisi yeni kommersiya layihəsi çərçivəsində ilkin ödənişlərdən təxminən 80 milyon avro, sonrakı illərdə isə hər mövsüm 50-60 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşri məlumat yayıb.

Məlumata görə, klub şirkətlərə təklif olunan 2 min VIP oturacağın istifadəyə verilməsi üçün danışıqları intensivləşdirib. Həmin yerlərin istifadə hüququ 15 və ya 30 il müddətinə satılacaq. Qiymətlər isə oturacaqların yerləşdiyi mövqeyə və təqdim edilən əlavə xidmətlərə uyğun dəyişəcək.

Stadionda yenidənqurma işləri tam başa çatdıqdan sonra VIP zonalar üçün təxminən 9500 yer ayrılacaq. Onlardan 5 mininin satışı ilə bağlı artıq müqavilələr imzalanıb. Daha 500 yer isə fərdi oturacaq lisenziyaları çərçivəsində nəzərdə tutulub.

Ən yüksək kateqoriyalı, "Loge" adlanan xüsusi oturacaqların artıq tam satıldığı bildirilir. Bu yerlər mərkəzi hissədə yerləşir, dörd nəfərlik sahəni və avtomobil dayanacağı imkanını əhatə edir. Onların əldə edilməsi üçün həm yüksək ilkin ödəniş, həm də illik haqq tələb olunur.

Nəşrin məlumatına əsasən, VIP zonaların genişləndirilməsi stadionda adi mövsümlük bilet sahiblərinə ayrılan yerlərin azalmasına səbəb olub. Bu isə bəzi azarkeşlərin əvvəlki yerlərinə qayıtması zamanı əlavə maliyyə şərtləri və oturacaqların yenidən bölüşdürülməsi ilə bağlı problemlər yarada bilər.

Qeyd edək ki, "Barselona" rəhbərliyi yeni stadionun kommersiya imkanlarından maksimum istifadə etməklə klubun maliyyə vəziyyətini yaxşılaşdırmağı hədəfləyir.

Jalə