"İkinci Dünya müharibəsindən və altı milyon yəhudinin, eləcə də digər icmaların məhv edilməsi ilə nəticələnən dəhşətli soyqırımından sonra "Bir daha heç vaxt!" demişdik. Lakin bu gün keçmişdəki səhvləri yenidən təkrarladığımızın şahidi oluruq. Müharibələr, münaqişələr, əzablar və dağıntılar davam edir"
Demokrat.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən dinlərarası dialoqa həsr olunmuş plenar sessiyada BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bildirib.
O qeyd edib ki, BMT Nizamnaməsində təsbit olunmuş prinsip və dəyərləri əks etdirən universal şüur formalaşdırılmalı, bu dəyərlər reallığa çevrilməlidir.
Moratinosun sözlərinə görə, BMT-nin Sivilizasiyalar Alyansı bütün qurumların birgə fəaliyyət göstərərək ayrı-seçkiliyin istənilən forması ilə mübarizə aparması üçün əsas platformadır:
"Bu istiqamətdə antisemitizmlə mübarizə də mühüm yer tutur. Xristian, katolik olaraq xristianofobiya ilə yanaşı, islamofobiya və antisemitizmlə də mübarizə aparmaq vacibdir. Çünki bütün bunların əsasında eyni prinsip dayanır: insan hüquqları, ayrı-seçkiliyə qarşı mübarizə və insan ləyaqətinə hörmət. Bizim mandatımız və əsas məqsədimiz də məhz budur".
Moratinos əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün dinlərarası dialoq zəruridir və dialoq qarşıya qoyulan hədəflərə çatmağın ilkin, əvəzolunmaz şərtidir.


