ABŞ alimləri sinasiquat adlı eksperimental preparatın yaşlı qaraciyər hüceyrələrinin fəaliyyətini bərpa edə biləcəyini müəyyən ediblər.
Demokrat.az xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin tədqiqatçılarının araşdırması "Journal of Biological Chemistry" jurnalında dərc olunub.
Təcrübə zamanı yaşlı siçovullara iki həftə ərzində preparat verilib. Nəticədə qaraciyər hüceyrələrinin quruluşu və funksiyaları bərpa olunub, qanın təmizlənməsi yaxşılaşıb.
Araşdırmada həmçinin Alzheimer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid zülalının səviyyəsinin iki dəfə azalaraq cavan siçovullardakı göstəricilərə düşdüyü müəyyən edilib. Ateroskleroz riskini artıran aşağı sıxlıqlı lipoproteinlərin, yəni "pis" xolesterinin miqdarı da azalıb.
Alimlərin fikrincə, bu yanaşma yaşla əlaqəli xəstəliklərin qarşısının alınmasında yeni imkanlar yarada bilər. Lakin preparatın insanlarda effektivliyini və təhlükəsizliyini təsdiqləmək üçün əlavə klinik tədqiqatlar aparılmalıdır.


