YapiKredi Müraciət Forması
Maraqlı Özəl

İdeal fransız omletinin sirri açıqlandı - Cəmi 3 yumurta ilə hazırlanan resept

İdeal fransız omletinin sirri açıqlandı - Cəmi 3 yumurta ilə hazırlanan resept

Fransız omletinin dadlı və yumşaq alınması üçün yalnız yumurta və yağ kifayət etmir. Peşəkar aşpazlar yeməyin düzgün teksturasını əldə etmək üçün bişirmə texnikasına və istiliyə xüsusi diqqət yetirməyi məsləhət görürlər.

Demokrat.az xəbər verir ki, ispan aşpaz Dieqo Dominqes sosial şəbəkələrdə paylaşdığı videoda ideal fransız omletinin hazırlanma qaydasını açıqlayıb. Onun sözlərinə görə, yaxşı omletin üstü bərabər qızılı rəngdə olmalı, xarici təbəqəsi bərkiməli, içərisi isə bir qədər yumşaq qalmalıdır.

Lazım olan ərzaqlar

Bir nəfərlik omlet üçün aşağıdakılar tələb olunur:

- 3 yumurta;
- bir neçə kubik kərə yağı;
- bir çimdik duz;
- istəyə görə qara istiot.

Fransız omleti necə hazırlanır?

Əvvəlcə yumurtalar duz əlavə edilməklə çəngəl vasitəsilə tam qarışana qədər çalınır. Daha sonra yapışmayan tavada orta istilikdə bir qədər kərə yağı əridilir. Yağ köpüklənməyə başlayanda yumurta qarışığı tavaya tökülür.

Aşpazın tövsiyəsinə görə, bu mərhələdə yumurtaları spatula ilə sürətlə qarışdırmaq və eyni zamanda tavanı hərəkət etdirmək lazımdır. Bu üsul yumurtanın bərabər şəkildə bişməsinə kömək edir.

Qarışığın alt hissəsi bir qədər bərkiyəndə ocağın istiliyi minimuma endirilir. Omletin üst qatının formalaşması üçün təxminən 10 saniyə gözləmək tövsiyə olunur.

Sonra spatula ilə kənarlar ehtiyatla qaldırılır və omletin aşağı hissəsi içəriyə doğru qatlanır. Ardınca yuxarı hissə də qatlanaraq yeməyə klassik formasını vermək lazımdır.

Son mərhələdə omlet çevrilir və daha 10 saniyə bişirilir. Aşpazın fikrincə, bu qaydalara əməl etməklə çölü qızılı, içərisi isə yumşaq qalan fransız omleti hazırlamaq mümkündür.

Hazır yeməyə istəyə görə qara istiot əlavə etmək olar. Omleti səhər yeməyində salat və ya zeytun yağı ilə hazırlanmış pomidor dilimləri ilə təqdim etmək mümkündür.

Jalə