Bakıda Gürcüstan səfirliyi üçün yeni inzibati bina inşa ediləcək. Binanın layihələndirilməsi və tikintisi ilə bağlı xidmətlərin satın alınmasını Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.
Demokrat.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.
Sənədə əsasən, yeni səfirlik binası Bakının Yasamal rayonunda, Nəriman Nərimanov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən, sahəsi 3 444,5 kvadratmetr olan torpaq sahəsində tikiləcək.
Satınalma prosesi layihələndirmə və tikinti işlərini bir müqavilədə birləşdirən "Design-Build" modeli əsasında həyata keçiriləcək.
2026-cı ildə görülməsi planlaşdırılan işlər Gürcüstanın dövlət büdcəsində Bələdiyyələrin İnkişafı Fondu üçün ayrılmış vəsait hesabına maliyyələşdiriləcək. Növbəti mərhələlər üzrə xərclər isə 2027-ci ilin dövlət büdcəsində, zərurət yaranarsa, sonrakı illərin büdcələrində nəzərdə tutulacaq.
İşlər yekunlaşdıqdan sonra bina Gürcüstanın Xarici İşlər Nazirliyinin balansına veriləcək. (qafqazinfo)


