YapiKredi Müraciət Forması
Mədəniyyət Özəl

"Müasir dünyada geosiyasi gərginliklər və parçalanma meyilləri artır"

Müasir dünyada geosiyasi gərginliklər və parçalanma meyilləri artır

"Müasir dünya getdikcə artan geosiyasi gərginliklərlə yanaşı, dərinləşən parçalanma meyilləri ilə də xarakterizə olunur. Geosiyasi gərginliklər, sosial-iqtisadi bərabərsizliklər, mədəni anlaşılmazlıqlar və süni intellekt kimi Dördüncü Sənaye İnqilabının texnologiyalarının sürətli inkişafı dünyada parçalanma hissini gücləndirən amillər sırasındadır".

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan biznes dialoqu sessiyasında bildirib.

Onun sözlərinə görə, belə bir şəraitdə mədəniyyətlərarası dialoqun təşviq edilməsi missiyasını daşıyan forum böyük əhəmiyyət kəsb edir:

"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu özündən əvvəlki forumların zəngin irsinə əsaslanaraq, ortaq dəyərlər və dinc birgəyaşayışa yönəlmiş müzakirələrdən qlobal parçalanma problemlərinin həllinə doğru inkişaf edəcək. Forumun əsas məqsədi müzakirələrlə kifayətlənməmək, anlaşma və əməkdaşlıq naminə qlobal səviyyədə konkret fəaliyyətlərə təkan verməkdir. Eyni zamanda, mədəniyyətlərarası və dinlərarası harmoniyanın gələcəkdə dayanıqlı inkişaf üçün mühüm rol oynadığını vurğulamaqdır. Forum mədəni irs, miqrasiya, ksenofobiya, süni intellekt, iqlim dəyişiklikləri, sülh və qlobal təhlükəsizlik də daxil olmaqla, geniş spektrli mövzuları əhatə edərək mədəniyyətlərarası dialoqa kompleks və hərtərəfli yanaşmanı təmin edəcək. Bu gün beynəlxalq əlaqələrin qurulmasında sahibkarlığın, sahibkarların, yaradıcı şəxslərin və innovatorların rolu da getdikcə artır. Müxtəlif ölkələrdən olan insanları birgə layihələr, biznes tərəfdaşlıqları və ortaq məqsədlər ətrafında birləşdirən sahibkarlar, əslində, özünəməxsus diplomatiya həyata keçirirlər. Məhz buna görə də bugünkü panelin əsas ideyasını - sahibkarların müasir dünyanın kifayət qədər qiymətləndirilməyən diplomatları olması fikrini xüsusi əhəmiyyətli hesab edirik".

Müəllif: Fidan Hacızadə

Editor
Redaktor