Lazer şüası telefonun kamerasını sıradan çıxara bilərmi?
Konsert və festivallarda istifadə olunan güclü lazer şüaları smartfonların kamera sensorlarına ciddi zərər vura bilər. Belə təsir nəticəsində görüntüdə qara ləkələr, rəng pozuntuları və xətlər yarana, bəzi hallarda isə kamera birdəfəlik sıradan çıxa bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "CHIP" nəşrində dərc olunan məqalədə məlumat verilib.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam lazer şüasının birbaşa kamera obyektivinə yönəlməsidir. Güclü şüa sensorun müəyyən hissələrini zədələdikdə fotolarda qara nöqtələr, yanıq izləri və görüntünün bəzi hissələrində detal itkisi müşahidə oluna bilər. Bu cür zədələnmələr yalnız bir çəkilişə təsir etmir, sonrakı foto və videolarda da özünü göstərir.
Lazerin yaratdığı risk onun gücündən və kameranın işığa məruz qalma müddətindən asılıdır. Nisbətən zəif lazerlər də müəyyən şəraitdə təhlükə yarada bilsə də, əsas risk yüksək güclü sistemlərlə bağlıdır. Xüsusilə 5–500 millivat güc diapazonunda olan 3B sinif lazerlər və 500 millivatdan yüksək gücə malik 4-cü sinif lazerlər kamera sensorlarına ciddi zərər vura bilər.
Belə lazerlər müxtəlif səhnə şoularında, sənaye avadanlıqlarında və tibbi sistemlərdə istifadə olunur. Bəzi avtomobillərin ətraf mühiti skan etmək üçün tətbiq etdiyi LiDAR sistemləri də müəyyən şəraitdə kamera sensorları üçün risk yarada bilər.
Məqalədə bildirilir ki, konsert və gecə klublarında lazer şoularını telefonla lentə alarkən ehtiyatlı olmaq lazımdır. Güclü lazer şüasını birbaşa kameraya yönəltməkdən çəkinmək tövsiyə olunur.
Beləliklə, filmlərdə lazer vasitəsilə kameranın sıradan çıxarılması səhnələri tamamilə uydurma deyil. Bununla belə, hər lazer eyni təhlükəni yaratmır: mümkün zərərin miqyası şüanın gücü, intensivliyi və sensorun təsir altında qalma müddəti ilə müəyyən edilir.
Jalə


