Türkiyənin keçmiş gözəli Fatoş Seğmen 4,5 yaşlı qızı Alya Erdoğanın vəfatından sonra ilk dəfə danışıb. Övladının uzun müddət ağır xəstəliklə mübarizə apardığını bildirən Seğmen son günlərdə yaşadıqlarını və qızının xəstəxanadakı son anlarını göz yaşları içində bölüşüb.
Demokrat.az xəbər verir ki, 44 yaşlı Seğmen qızının səkkiz aylıq olarkən xroniki xəstəlikdən əziyyət çəkməyə başladığını deyib. Onun sözlərinə görə, Alya iki dəfə intubasiya olunub və bütün çətinliklərə baxmayaraq, bir müddət səhhətini yaxşılaşdıra bilib.
"Övlad acısı heç bir ağrıya bənzəmir. Qızım balaca bədəni ilə çox böyük ağrılara qarşı mübarizə apardı. 24 saat onun yanında idim", – deyə o bildirib.
Seğmen qeyd edib ki, fevralın 21-də xəstəxanaya yerləşdirilən Alya mayın 25-də müalicədən sonra alqışlarla evə yola salınıb. Lakin sonradan rutin müayinə zamanı onda virus aşkarlanıb və vəziyyəti yenidən ağırlaşıb. Qızının sol ağciyərinin tamamilə fəaliyyətini dayandırdığını deyən ana onun süni tənəffüs cihazına qoşulduğunu bildirib.
Seğmenin sözlərinə görə, heç bir özəl xəstəxana Alyanı qəbul etməyib və uşaq İzmir Şəhər Xəstəxanasında müalicə alıb. Ana qızının uzun sürən müalicələrdən, iynələrdən və eyni ağrılı prosedurlardan çox yorulduğunu hiss etdiyini söyləyib.
"Gözlərimin içinə elə baxdı ki, onun nə qədər yorulduğunu gördüm. Reanimasiya otağından çıxdıqdan qısa müddət sonra qızımın ürəyinin dayandığını xəbər verdilər. Hər şey burada bitdi. Alya yaşamaq istəmədi. Ondan daha çox mübarizə aparmasını tələb edə bilməzdim. Bəzən nə qədər çalışsan da, nəticəni dəyişə bilmirsən", – deyə Seğmen ürək ağrısı ilə danışıb.
Ağır itki ilə barışmağa çalışdığını bildirən ana buna baxmayaraq, həyatdan üz döndərməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Alya anasının ağlamasını istəməz, göz yaşlarını özü silərdi.
"Acım hələ çox təzədir, ağlama böhranları keçirirəm. Amma yaşamaqdan vaz keçməyəcəyəm. Qızım mənim üçün ölümsüzdür. Əminəm ki, bir gün yenidən qovuşacağıq. O, mənə analıq kimi möhtəşəm bir duyğunu yaşatdı. Kaş mümkün olsaydı, ürəyimi ona verərdim, amma alınmadı", – deyə Fatoş Seğmen bildirib.
Jalə


