YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Azərbaycanda qadınlar bu siyahıda kişiləri qabaqladı — Açıqlama

Azərbaycanda qadınlar bu siyahıda kişiləri qabaqladı — Açıqlama

Azərbaycanda əmək bazarında gənc qadınların sayı kişiləri üstələyib. 2025-ci ildə 15-29 yaşlı məşğul qadınların sayı 547,9 min, kişilərin sayı isə 537,6 min nəfər olub. Belə ki, gender rollarının dəyişməsi müşahidə olunur.

Gənc qadınların məşğulluqda kişiləri üstələməsinin əsas səbəbləri nədir?

Sosioloq Mətanət Məmmədova Demokrat.az-a açıqlamasında söyləyib ki, son 10-20 ili nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, qadınların işləməyə marağı əvvəlki dövrlərlə müqayisədə artıb:

Azərbaycanda qadınlar bu siyahıda kişiləri qabaqladı — Açıqlama

"Xüsusilə texnologiyaların, internetin və rəqəmsal platformaların həyatımıza daxil olması bu prosesə təsir göstərib. Azərbaycanda gənc qadınlar və qızlar ailə qurmaqdan əvvəl işləməyə, öz ayaqları üzərində durmağa, istədikləri ölkələrə səyahət etməyə və müstəqil həyat qurmağa üstünlük verirlər. Düşünürəm ki, qadınlarla kişilərin məşğulluğu arasında 10 min nəfərlik fərqin yaranmasının əsas səbəblərindən biri də budur. Son illərdə rəqəmsal platformalar vasitəsilə insanların maarifləndirilməsi daha da genişlənib. İnsanlar bir-birinin paylaşımlarından təsirlənir, öz təcrübələrini bölüşür və başqalarına istiqamət verirlər. Məsələn, kimsə haradasa işlədiyini, imtahan verərək uğur qazandığını, magistratura təhsili aldığını, xaricdə oxuduğunu və nəticədə öz ayaqları üzərində durmağı bacardığını paylaşır. Bütün bunlar sosial şəbəkələrdə son illər ən çox rast gəlinən mövzulardandır. Bu məzmunlar, xüsusilə gənc qadınlara təsir edir. Onlar sosial şəbəkələrdə müxtəlif uğur hekayələrini görür, qadınların hansı yollardan keçərək iş sahibi olduqlarını, öz evlərini və avtomobillərini aldıqlarını, istədikləri ölkələrə səyahət etdiklərini izləyirlər. Nəticədə bir çox gənc qadın ilk növbədə iş tapmağı, karyera qurmağı və maddi müstəqillik əldə etməyi qarşısına məqsəd qoyur. Ailə qurmaq və övlad sahibi olmaq isə onların planlarında daha sonrakı mərhələlərə keçir. Əlbəttə, qadın işləməlidir. Qadınlar və kişilər bərabər hüquqlara malikdirlər və heç kimin qadınların işləmək hüququnu əlindən almaq fikri olmamalıdır. Ancaq əvvəlki dövrlərdə orta məktəbi bitirən qızlardan ali təhsil almaq istəyənlər bu istiqamətdə davam edir, digər qismi isə ailə qurmağa üstünlük verirdi. Bu gün isə cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, insan əvvəlcə karyerasını qurmalı, iş, ev və avtomobil sahibi olmalı, yalnız bundan sonra ailə qurmalıdır. Düşünürəm ki, bu düşüncə tərzi də mövcud rəqəmlərə təsir göstərir".

Mətanət Məmmədova əlavə edib ki, ötən həftə Ədliyyə Nazirliyi tərəfindən nikahların və boşanmaların sayı ilə bağlı açıqlama verilmişdi:

"Nikahların sayının azalmasının səbəblərindən biri də gənclərin ailə qurmazdan əvvəl karyeralarını, təhsillərini, mənzil şəraitlərini və iş təminatlarını yaxşılaşdırmağa çalışmalarıdır. Beləliklə, ailə qurmaq onların həyat planlarında daha sonrakı mərhələlərə keçir. Nikahların azalmasının əsas səbəblərindən biri gənclərin ailə qurmağı təxirə salması, təhsil almağa və karyera qurmağa üstünlük verməsidir. Bu tendensiya həm oğlanlarda, həm də qızlarda müşahidə olunur. Lakin qadınların məşğulluğunda daha aydın nəzərə çarpır. Ali təhsil alan qadınlar təhsillərini davam etdirir, ali təhsil almayanlar isə müxtəlif kurslara gedir, sertifikatlar əldə edir və iş tapmağa çalışırlar. Nəticədə ölkədə işləyən qadınların sayı kişilərin sayını 10 min nəfər üstələyir. Bu məsələdə hökumət və dövlət səviyyəsində müəyyən tədbirlər görülməlidir. Maarifləndirmə işi aparılmalı, rəqəmsal platformalarda karyera və iş həyatı ilə bağlı məzmunlarla yanaşı, ailə qurmağın və övlad sahibi olmağın əhəmiyyətini izah edən materiallara da yer verilməlidir. İnsan həm işləyə, həm karyera qura, həm də ailə sahibi ola bilər. Bunlar bir-birini istisna edən məsələlər deyil. Biz cəmiyyətdə baş verənləri gündəlik həyatımızda görürük. Gənc qadınlar və qızlar sosial platformalarda aktivdirlər. Bloqerlərin və influenserlərin öz həyat təcrübələrini, uğurlarını və müstəqil həyata necə nail olduqlarını paylaşmaları insanlara təsir edir. Bu paylaşımlar maarifləndirici məzmun kimi qəbul olunur və nəticədə gənclərin bir çoxu öz iş həyatını qurmağa daha çox üstünlük verir. Bu tendensiya gələcəkdə daha da güclənəcək".

FH
Fidan Hacızadə
Müxbir