YapiKredi Müraciət Forması
Özəl Sosial

Avtobuslar niyə vaxtında gəlmir? — 133 nömrəli marşutdan narazılıq

Avtobuslar niyə vaxtında gəlmir? — 133 nömrəli marşutdan narazılıq

İctimai nəqliyyatda avtobusların gecikməsi sərnişinlərin qarşılaşdığı problemlərdən biridir. Avtobusların müəyyən edilmiş vaxtda dayanacaqlara çatmaması insanların işə, dərsə və digər ünvanlara vaxtında yetişməsinə mane olur. Xüsusilə pik saatlarda yaranan gecikmələr sərnişin sıxlığını daha da artırır.

Redaksiyamıza müraciət edən sərnişin 133 nömrəli marşrutdan narazılığını ifadə edib. O bildirib ki, bugün təxminən 20 dəqiqə sözügedən avtobusu gözləyib.

Narazılıqla bağlı AYNA-ya müraciət edilib.

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında deyib ki, avtobus zolaqları artdıqca avtobusların hərəkət intervalları nisbətən normallaşır:

Avtobuslar niyə vaxtında gəlmir? — 133 nömrəli marşutdan narazılıq

"Amma bütün küçə və prospektlərdə avtobus zolaqları yoxdur. Buna görə də yüz faiz dəqiqliklə proqnoz vermək mümkün deyil. Çünki avtobuslar da tıxaclarda qalırlar. Elə yerlər var ki, orada avtobus zolağı yoxdur. Bəzən isə avtobus zolağı olsa belə, müəyyən səbəblərdən ümumi yol bağlananda avtobuslar da gözləməli olurlar. Məsələn, hər hansı tədbir keçiriləndə avtobuslar da digər nəqliyyat vasitələri kimi həmin ərazidə gözləməli olurlar. Məcburən belə vəziyyətlərlə üzləşirlər və nəticədə gecikmələr yaranır. Bundan başqa, qəzalar və digər səbəblər də avtobusların hərəkətinə təsir göstərir. Avtobusların sayı artırılıb. Xüsusilə də mərkəzi istiqamətlərdə bu istiqamətdə işlər görülür. Hətta bəzi yerlərdə, xüsusən də ekspress avtobuslarda dayanacaqlarda gözləyən avtobusların sayının artırıldığını görürük. Məsələn, Elmlər Akademiyası və digər istiqamətlərdə ehtiyatda beş-altı avtobusun gözlədiyinin şahidi oluruq ki, onlar da cədvəl üzrə hərəkət etsinlər. Amma burada başqa bir məsələ də var. Həmin avtobuslar hərəkətə başladıqdan sonra təyinat nöqtəsinə cədvəl üzrə çata bilirlərmi? Dediyim kimi, bir sıra səbəblərdən gecikmələr yaranır".

Ekspert qeyd edib ki, bu məsələdə insanların da avtobuslara qarşı bir qədər anlayışlı olması vacibdir:

"Söhbət xüsusilə digər minik avtomobillərinin sürücülərindən gedir. Avtobus zolağı olmayan yerlərdə ən azı avtobusa yol vermək, zolaqların olduğu ərazilərdə isə kəsişmələrdə avtobusların hərəkətini mütləq nəzərə almaq lazımdır. Son bir ay ərzində belə hadisələrin bir neçəsi baş verib. Sürücülərin əksəriyyəti avtobusun üstünlük hüququna malik olduğunu bilmir. Məsələn, sürücü dönmək istəyərkən arxadan gələn avtobusu nəzərə almadan birbaşa onun qarşısına çıxır. Halbuki avtobus sürücüsünə təlimat verilib ki, müəyyən ərazilərdə üstünlük avtobusdadır və o, hərəkətini davam etdirməlidir. Digər sürücü isə bunu nəzərə almadığı üçün qəza baş verir. Bəzən bir nəqliyyat vasitəsi avtobus zolağını zəbt edir və orada dəqiqələrlə, hətta bir saatdan çox müddətə maneə yaradır. Təbii ki, bu zaman bütün hərəkət zənciri pozulur və gecikmələr baş verir. Bu kimi hallar olmasa, avtobusların gecikməsi də xeyli azalar. Tamamilə dəqiq hərəkət qrafiki təmin etmək üçün isə tramvay sistemində olduğu kimi, avtobusların bütün marşrut boyunca digər nəqliyyat vasitələrindən tam ayrıldığı bir sistem olmalıdır. Belə olduqda bilmək olar ki, avtobus yalnız özü üçün nəzərdə tutulmuş yolla hərəkət edəcək. Amma hazırda bizdə hibrid sistem mövcuddur. Digər tərəfdən, bütün şəhəri avtobus zolaqları ilə təmin etmək də mümkün deyil. Ən azı, kifayət qədər avtobus zolağı yaradılıb və bunun müsbət təsiri də var. Sadəcə, belə halların baş verməməsi və sürücülərin bu məsələlərdə bir qədər anlayış göstərməsi vacibdir".

FH
Fidan Hacızadə
Müxbir