Özəl Aqrar-sənaye kompleksi

"Hava noyabrda da belə keçsə, problem yaranacaq"

Hava noyabrda da belə keçsə, problem yaranacaq

Azərbaycanda havanın mövsümə uyğun olmayan dərəcədə isti keçməsi kənd təsərrüfatı sahəsində narahatlıq yaradıb. Temperatur dəyişiklikləri bitkilərin inkişafına, məhsuldarlığa və suvarma ehtiyacına təsir göstərə bilər.

Bəs anomal istilər kənd təsərrüfatında hansı risklərə yol açacaq və bu, bazarlarda məhsul qiymətlərinin bahalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, havanın müəyyən temperatur həddi var və bu, kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır.

Hava noyabrda da belə keçsə, problem yaranacaq

Onun sözlərinə görə, temperatur 40 dərəcəyə yüksəlirsə, bu, kənd təsərrüfatı üçün risklidir:

"Eyni zamanda, temperatur 13-15 dərəcədən aşağı düşərsə, Azərbaycanda becərilən istiliksevər bitkilərin inkişafında problemlər yarana bilər. Hazırkı hava şəraiti isə ümumilikdə əlverişlidir. Son vaxtlar hətta Bakı şəhərində də ot bitkilərinin yaxşı inkişaf etdiyini müşahidə edirəm. Ölkə üzrə yağan yağışlardan sonra havanın isti keçməsi ot istehsalına müsbət təsir göstərəcək. Bu hava şəraiti bir müddət də davam etsə, heyvandarlıqla məşğul olan sahibkarlar üçün əlverişli şərait yaranacaq. Söhbət əsasən otlaqların inkişafından gedir. Pambıqçılıqla məşğul olan fermerlər yağışlı hava səbəbindən pambıq yığımını dayandırmışdılar və bu, prosesə mənfi təsir göstərirdi. Hazırda havanın isti və quraq keçməsi pambıq yığımının normal davam etməsi üçün çox əlverişlidir. Payızda yığılan meyvələrin, eləcə də digər kənd təsərrüfatı məhsullarının yığımı üçün də belə hava şəraiti mühüm əhəmiyyət daşıyır.

Yonca biçini və digər biçin işləri zamanı da hava şəraiti nəzərə alınmalıdır. Problemlər isə belə hava şəraiti noyabr ayında da davam edərsə yarana bilər. Çünki hazırda 2027-ci ilin məhsulu üçün taxıl səpini həyata keçirilməlidir. Havalar normadan artıq isti keçərsə, taxıl toxumları cücərdikdən sonra bitki kök sistemini kifayət qədər inkişaf etdirmədən daha çox boy ata bilər. Halbuki bitkinin kök sisteminin möhkəmlənməsi çox vacibdir. Bu baxımdan, havanın həddindən artıq isti keçməsi taxılçılıqda müəyyən problemlər yarada bilər. Artıq son illərdə iqlim dəyişiklikləri və havaların isti keçməsi ilə əlaqədar taxıl səpininin vaxtının uzandığını görürük. Bəzi ərazilərdə səpin dekabr ayında, hətta yanvarda da həyata keçirilir.

Ümumilikdə, hazırkı hava şəraiti hələlik kənd təsərrüfatında ciddi problem yaratmır və ilkin mərhələdə qiymətlərə də təsir etməməlidir. Əksinə, hazırda məhsul yığımı normal gedir, meyvə yığımında ciddi problem yoxdur. Buna görə də hava şəraiti özlüyündə qiymət artımına səbəb olmamalıdır. Təəssüf ki, bu il bəzi meyvələrin istehsalında azalma müşahidə olunur. Xüsusilə nar istehsalı azalıb. Bunun əsas səbəblərindən biri fermerlərin aqrotexniki qaydalara lazımi səviyyədə əməl etməməsi, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirləri aparmamasıdır. Nəticədə daha az məhsul əldə olunub və bu da narın qiymətinə təsir göstərir.

Əslində, Azərbaycanda qiymətlərə təsir edən başqa amillər də var. Məsələn, digər məhsulların qiymətinin artması ümumi qiymət səviyyəsinə təsir edir. Strateji əhəmiyyət daşıyan məhsulların, o cümlədən buğdanın qiyməti artdıqda unun, daha sonra isə çörək və digər un məmulatlarının qiymətində artım baş verə bilər. Eyni zamanda, heyvandarlıq məhsullarının, o cümlədən ət, süd və yumurtanın qiymətindəki artımlar da ümumi qiymət artımına təsir göstərir. Bu il tərəvəz istehsalının azalması da qiymətlərin ciddi şəkildə yüksəlməsinə səbəb olan amillərdəndir. Bütün bunlar qiymət artımına təsir edən əsas amillərdir. Azərbaycanda istehsalçılar da, ticarətlə məşğul olanlar da, xidmət sektorunda çalışanlar da eyni zamanda istehlakçıdırlar. Buna görə də bir məhsulun qiymətində baş verən artım digər məhsul və xidmətlərin qiymətlərinə də təsir göstərə bilər".