Alma və kəsmiklə hazırlanan yumşaq peçenye həm meyvəli piroqu xatırladan dadı, həm də zərif quruluşu ilə seçilir. Bu şirniyyatın üstünlüklərindən biri də düzgün saxlanıldıqda bir neçə gün yumşaqlığını qorumasıdır. Hazırlanması isə xüsusi kulinariya bacarığı tələb etmir.
Demokrat.az xəbər verir ki, resepti ukraynalı kulinariya bloqeri və şirniyyat ustası Alina Tsımbalista paylaşıb. Onun sözlərinə görə, alma və kəsmiklə hazırlanan peçenye xoş ətri, darçın dadı və meyvəli içliyi ilə seçilir.
Lazım olan ərzaqlar:
- 450 qram alma;
- 400 qram kəsmik;
- 350 qram un;
- 2 yumurta;
- 80 qram kərə yağı;
- 100 qram şəkər;
- 10 qram vanilli şəkər;
- bir çimdik duz;
- 12 qram qabartma tozu.
Üzəri üçün 4 xörək qaşığı şəkər və 2 xörək qaşığı üyüdülmüş darçın qarışdırılır.
Hazırlanma qaydası
Əvvəlcə soba 180 dərəcəyədək qızdırılır. Əridilmiş kərə yağı kəsmik, adi və vanilli şəkər, duzla qarışdırılır. Daha sonra yumurtalar əlavə edilir və kütlə hamar olana qədər qarışdırılır.
Qabartma tozu ilə qarışdırılmış un tədricən əlavə olunur. Xəmir əvvəlcə spatula ilə, sonra isə əllə yoğrulur. Almalar yuyulur, tumları çıxarılır, kiçik kublar şəklində doğranaraq xəmirə qatılır.
Hazır xəmirdən təxminən 20 ədəd peçenye hazırlanır. Hər biri şəkər-darçın qarışığına batırılır və perqament sərilmiş soba sinisinə düzülür. Peçenyelər 180 dərəcədə təxminən 40 dəqiqə bişirilir. Onları həm isti, həm də soyuduqdan sonra süfrəyə vermək olar.
Reseptin başqa bir üstünlüyü ondan ibarətdir ki, bişirilməmiş peçenye formalarını dondurucuda təxminən üç ay saxlamaq mümkündür. Bişirmək istədikdə onları əvvəlcədən əritmədən birbaşa sobaya qoymaq olar.
Jalə


