Bakının Xəzər rayonunda yeniyetmələrin qız üstündə yaranan mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Zərdab rayon sakini, 2010-cu il təvəllüdlü Sahil qəsəbə ərazisində yerləşən hasarlanmış boş sahədə 2009-cu il təvəllüdlü Səidin (adlar şərtidir – red.) ona Xumar adlı tanışının ünvanına xoşagəlməz və nalayiq söyüşlər söydüyünü bildirməsi üstündə onunla mübahisə edib.
Daha sonra Sahil Səidin yaxasından tutaraq mübahisə yaratmasından narazı qalıb, onu cəzalandırmaq istəyib. Bu məqsədlə 16 yaşlı oğlan yaşadığı evdən götürdüyü və belində gizlətdiyi suvenir bıçaqla Səidi vurub.
Sahilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sahil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Səidlə Binə qəsəbəsi ərazisində yerləşən orta məktəbdə təhsil alıb və onu həmin dövrdən tanıyıb:
"Məlum hadisə günü, təxminən saat 16 radələrində Səid mobil telefonuma zəng edərək özünü təqdim etdi və görüşmək istədiyini bildirdi. Mən atamın evdə olduğunu və çölə çıxa bilmədiyimi dedim. Səid bildirdi ki, əgər çıxa bilmirsənsə, məhəlləyə gələcəyəm. Mən də bununla razılaşdım. Həmin vaxt tanışım Amil də evdə olub. Mobil telefonumu ona verdim və bir müddət sonra mağazada işləyən Əkrəm zəng etdi, Amil telefona cavab verdi. Sonra bir bıçaq götürərək, ehtiyac olarsa, özümü müdafiə etmək məqsədilə belimə qoydum. Amilin bundan xəbəri olmayıb, evdə ikimizdən başqa heç kim olmayıb. Amillə birlikdə evdən çıxdıq".
Təqsirləndirilən şəxs deyib ki, Səidin yanına çatdıqda orada bərbər Vüsal, Camal və Rasim də olub:
"Mən və Səid hasarlanmış boş sahəyə keçdik, digər şəxslər isə hasarın kənarında qaldılar. Səid mənə Xumarın arxasınca danışmamağımı və yaxınları barədə danışılmasının xoşuna gəlmədiyini dedi. Mən belə bir söhbət olmadığını söylədim. Səid yaxamdan tutduğuna görə, belimdə olan bıçaqla onun sağ böyr nahiyəsindən bir dəfə zərbə vurdum. Bu hadisəni digər şəxslər görmədi".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda bıçağı götürməkdə məqsədinin özünü qorumaq olduğunu, Xumar adlı qızla əlaqəsinin olmadığını bildirib.
İş üzrə zərərçəkmiş Səid ifadəsində göstərib ki, orta məktəbin 9-cu sinfində təhsil alıb:
"Təqsirləndirilən şəxs də mənimlə eyni məktəbdə 9-cu sinifdə oxuyub. Məlum hadisə günü, saat 14 radələrində tanışım Vüsalın işlədiyi bərbərxanaya getdim. Həmin vaxt bərbərxanada üzdən tanıdığım, lakin adını və anket məlumatlarını bilmədiyim başqa bir nəfər də olub. Eyni məktəbdə oxuyan uşaqlardan eşitdim ki, Sahil sinif yoldaşım Xumar adlı qız barəsində xoşagəlməz ifadələr işlədib. Bu səbəbdən onun istifadə etdiyi mobil nömrə ilə əlaqə saxlayaraq onunla görüşmək istədiyimi bildirdim. Sahil isə atasının evdə olduğunu dedi. Ona əgər çıxa bilmirsə, məhəllələrinə gələ biləcəyimi dedim. O da razılaşdı. Sahilin həqiqətən Xumar barədə xoşagəlməz sözlər deyib-demədiyini dəqiqləşdirmək və hansı səbəbdən belə danışdığını öyrənmək üçün onların məhəlləsinə piyada getdim. Yolda tanışım Rasimlə rastlaşdım və o da bizə qoşuldu. Rasimin məsələ barədə heç bir məlumatı olmadı".
Zərərçəkmiş qeyd edib ki, daha sonra eyni məktəbdə oxuyan Camalla rastlaşıb və o da onlarla birlikdə gəlib:
"Mobil telefonumda kontur olmadığı üçün Sahilgilin yaxınlığında olan mağazada işləyən, sonradan adının Əkrəm olduğunu bildiyim şəxsdən Sahili tanıyıb-tanımadığını soruşdum. O, Sahili tanıdığını dedikdə, ondan Sahili çağırmasını xahiş etdim. Bir qədər sonra Sahil tanımadığım bir şəxslə birlikdə gəldi. Hasarlanmış, qapısı olan torpaq sahəsində Sahillə söhbət edərkən aramızda mübahisə yarandı. Sahilə dedim ki, onun yaxını barədə kimsə nəsə desə, xoşuna gələrmi? O isə cavabında bildirdi ki, yaxınları barədə deyilən sözə özüm cavab verə bilərəm. Lakin Xumarın mənim üçün kim olduğunu soruşaraq niyə bu mövzuda danışdığımı dedi və ünvanıma nalayiq söyüş söydü. Bu danışıq digər şəxslər tərəfindən eşidilmədi. Çünki onlar hasarın kənarında idilər. Sahil məni söydüyü üçün onun yaxasından tutdum. Həmin an Sahil belindən bıçaq çıxararaq sağ yan nahiyəmdən bir dəfə zərbə vurdu".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahil 3 il müddətə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 1 il sınaq müddəti müəyyən olunmaqla ona təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilib.
Fariz Məlikli


