Siyasi

"Azərbaycan pioner rolunu oynayır" — Tofiq Abbasov

Azərbaycan pioner rolunu oynayır — Tofiq Abbasov

"Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Məşvərət Şurası artıq yavaş-yavaş dünya miqyasında da oturuşmuş format kimi qəbul olunur. Çünki iki cinah, bir yandan Cənubi Qafqaz, digər yandan Mərkəzi Asiya artıq demək olar ki, vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu proses sabit axar nəticəsində deyil, oturuşmuş fəaliyyət nəticəsində ərsəyə gəlib:

"Azərbaycan dövlətinin vacib istiqamətlərdəki fəallığı, nəqliyyat-kommunikasiya şəbəkəsinin yaradılması, digər tərəfdən enerji axınlarının artıq nəqli və son dərəcə oturuşmuş bir infrastrukturun formalaşması belə bir reallıq yaradıb ki, fəaliyyətdə olan şəbəkəyə yeni əlavələrin gəlməsi də qaçılmaz olub. Bu istiqamətdə, indi dünya miqyasında hətta beyin mərkəzləri və araşdırma qurumları Cənubi Qafqazla Mərkəzi Asiyanı vahid bölgə kimi qəbul edirlər. Burada yenə də deyərdim ki, Azərbaycan dövlətinin özünün müstəqil, yəni əlahiddə rolu və Prezident İlham Əliyevin diplomatiyası həqiqətən də aparıcı rol oynayıb. Çünki vacib bir tezisi bu yaxınlarda Prezident səsləndirdi ki, biz qonşularımızla və qonşularımızın qonşuları ilə münasibətləri qurmağa həmişə hazır olduğumuzu bildirmişik. Bu, son dərəcə vacib imperativdir. Çünki bizim dövlətlərin açıq dənizlərə, okeanlara çıxışı olmadığından beynəlxalq daşımalarda, iqtisadi münasibətlərin inkişafında, mal dövriyyəsinin artımında yalnız və yalnız bir-birimizə arxalanmalıyıq. Bu baxımdan artıq zəncirvari proses yaranır və onun bütün həlqələri bir-birini tamamlamalıdır. Burada əsas məsələlərdən biri sırf Azərbaycan üçün ondan ibarətdir ki, biz daşımalardan istifadə edirik, həcmlər getdikcə artır. Amma bizim üzərimizdən keçən mallar da var ki, onları özümüz də idxal etməklə, dərin emal prosesinə cəlb etməklə ölkəmizin qazancını və mənfəətini artıra bilərik. Bu, qarşılıqlı şəkildə həllini tapan məsələdir.

Onun sözlərinə görə, bu istiqamətdə həqiqətən də bizim dövlətlər bir-birlərini tamamlayırlar:

"Bir də unutmamalıyıq ki, vaxtilə Qarabağ münaqişəsinin həll olunmamış vəziyyətdə olması demək olar ki, böyük prosesin qarşısını alırdı, özünəməxsus əngəl rolunu oynayırdı. Məhz Prezident İlham Əliyevin qətiyyəti nəticəsində biz Qarabağ problemini həll etdik, sonra ölkəmizin tam suverenliyini bərpa etdik və eləcə də bütün dünyaya bəyan etdik ki, biz heç bir qaydanı pozmamışıq, beynəlxalq hüququn çərçivələrində qalaraq öz məsələlərimizin həllini tapmışıq. Bu, artıq həm bizə, həm də qonşularımıza əminlik gətirdi. Digər tərəfdən, təhlükəsizliyimizin də yeni müstəviyə çıxmasını qaçılmaz etdi. Ona görə də bizim qələbəmizdən sonra demək olar ki, Mərkəzi Asiya ölkələri də özünəməxsus fəallıq impulsu aldılar və bunu adekvat şəkildə anlayaraq realizə etməyə başladılar. Bu proseslərdə, dövlət rəhbərləri ilk növbədə siyasi dialoqu inkişaf etdirməlidirlər. Onların vaxtaşırı görüşlərinə və görüşlərin tezliyinin artmasına böyük ehtiyac var. Çünki məsələlər tez-tez cərəyan edir, yeni çalarlar üzə çıxır, yeni təhdidlər və risklər yaranır. Onları ilk növbədə neytrallaşdırmaq və daha sonra yeni imkanlardan istifadə etmək üçün mütləq şəkildə dəqiq koordinasiya, eləcə də həmahəng və kollektiv iş lazımdır".

Tofiq Abbasov qeyd edib ki, bu istiqamətdə dövlət başçıları arasında çox yüksək səviyyəli etimad amili var.

"Onlar bir-birlərinə inanırlar, bir-birlərinə arxalanırlar və eləcə də bir-birlərini tamamlayırlar. Odur ki, bu istiqamətlərdə, təbii olaraq, hələ əməkdaşlıq tellərimizdə əhatə olunmayan bütün sahələri də proseslərə cəlb etmək lazımdır. Burada ilk növbədə informasiya-kommunikasiya texnologiyaları, sonra yaşıl energetika, fiber-optik xətlərin inkişafı və şaxələndirilməsi, nəhayət, ümumiyyətlə, bütün sahələr üzrə diversifikasiya imkanları nəzərdə tutulur. Çünki hazırda Mərkəzi Asiyadan bizə doğru cəmi bir xətt işləyir – Türkmənbaşı və Bakı marşrutu. Amma indi ikinci variantın da çəkilməsi gündəmdədir. Qırğızıstan və Özbəkistanın artıq Türkmənistanla birlikdə yerüstü ikinci xətti dəmir yolu vasitəsilə çəkməsi nəzərdə tutulur ki, buna da böyük ehtiyac var. Çünki getdikcə beynəlxalq daşımalarda həcmlər artacaq və biz onları mütləq şəkildə qəbul etməyə və emal etməyə hazır olmalıyıq. Bu baxımdan Azərbaycan yenə də demək olar ki, pioner rolunu oynayaraq çox gözəl modellər tətbiq edir və onların da yararlı olması heç kəsdə şübhə doğurmur".

FH
Fidan Hacızadə
Müxbir