Kriminal

Keçmiş arvadına söz atdı, dava düşdü — İş məhkəməyə getdi

Keçmiş arvadına söz atdı, dava düşdü — İş məhkəməyə getdi

Quba rayonunda 39 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun qəsəbələrindən birində baş verib. 1987-ci il təvəllüdlü Tahir yaşadığı evin qarşısında keçmiş arvadı Sara (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı 39 yaşlı kişi keçmiş arvadının baş və bədən nahiyələrinə yumruq və təpiklə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, keçmiş həyat yoldaşı Sara ilə 2025-ci ilin avqust ayında rəsmi olaraq boşanıb:

"Birgə nikahımızdan iki övladımız var. Məhkəmə qərarına əsasən övladlarımın hər ikisi mənimlə birlikdə yaşayır. Məlum hadisə günü, saat 21 radələrində Sara yaşadığım evin qarşısından keçərkən aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbləşərək yumruq və təpiklə onun bədən və üz nahiyələrindən vurdum".

İş üzrə zərərçəkmiş Sara­nın sözlərinə görə, məlum hadisə günü saat 21 radələrində Tahirin yaşadığı evin qarşısından keçib:

"Bu zaman Tahir mənə söz atdı və aramızda mübahisə yarandı. Mübahisə əsnasında Tahir mənim baş və bədən nahiyələrimə vuraraq mənə xəsarət yetirdi".

Zərərçəkmiş şəxs ifadəsinin sonunda cinayət əməlini törətmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor