Maaş və gəlirlər artsa da, bir çox insan ayın sonuna çatanda büdcəsini tükətməkdən şikayətlənir. Qazancın yüksəlməsinə baxmayaraq pulun yetməməsi daxili bazardakı dəyişikliklər və dəyişən ehtiyaclarla bağlıdır.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, bunun konkret olaraq tək bir səbəbi yoxdur.
Onun sözlərinə görə, səbəblər arasında bahalaşma və inflyasiya da mühüm rol oynayır:
"İnflyasiya qiymətlərin artmasına səbəb olur. Xüsusilə ərzaq məhsullarında qiymət artımı daha sürətli hiss edilir. Ümumilikdə, son illərdə ölkədə illik inflyasiya təxminən 5-6 faiz civarında olub. Bu isə o deməkdir ki, insanların gündəlik xərcləri də hər il orta hesabla ən azı 5-7 faiz artır. Ona görə də insanın gəliri inflyasiyadan daha yüksək tempdə artmalıdır ki, əvvəlki həyat səviyyəsini qoruya bilsin. Əgər gəlir artır, amma qiymətlər də eyni və ya daha yüksək sürətlə yüksəlirsə, insanın real olaraq əldə etdiyi imkanlar əvvəlki səviyyədə qala bilər.
Digər tərəfdən, insanların gəlirləri artdıqca əvvəllər təxirə saldıqları tələbatlar da reallaşmağa başlayır. İnsan müəyyən gəlir səviyyəsində maddi imkanları çatmadığı üçün bəzi ehtiyaclarını və istəklərini təxirə salır. Gəliri artdıqda isə həmin tələbatları qarşılamağa başlayır və nəticədə ümumi xərcləri də artır. Məsələn, 700 manat gəliri olan insan istədiyi telefonu almaq imkanına malik olmaya bilər. Lakin gəliri 2 min manata yüksəldikdə həmin telefonu almaq artıq onun üçün mümkün olur.
Eyni vəziyyət mənzil məsələsində də özünü göstərir. 700 manat gəlirlə ipoteka krediti götürmək mümkün olmaya bilər, amma gəlir 2 min manata çatdıqda insan ipoteka götürərək mənzil almağı planlaşdıra bilər. Yəni burada söhbət israfçılıqdan getmir. Sadəcə olaraq, gəlir artdıqca insanların əvvəllər reallaşdıra bilmədiyi ehtiyacları və planları həyata keçirməsi onların xərclərinin də artmasına səbəb olur. Bu baxımdan, insanların gəlirlərinin yüksəlməsi ilə xərclərinin artması təbii iqtisadi prosesdir".


