Alması çox olanlar üçün həm sadə, həm də olduqca ləzzətli bir desert resepti var. Fransız mətbəxinə aid "Görünməz" alma piroqu nazik alma dilimləri və az miqdarda xəmirdən hazırlanır.
Demokrat.az xəbər verir ki, bu piroqun əsas özəlliyi xəmirinin çox az olmasıdır. Almalar mümkün qədər nazik doğranır və maye xəmirə qarışdırılır. Nəticədə desertin əsas hissəsini meyvə təşkil edir, xəmir isə alma dilimlərini nazik şəkildə örtür. Hazır piroq yumşaq teksturası ilə kremi xatırladır və ağızda asanlıqla əriyir.
Piroqu hazırlamaq üçün lazım olan ərzaqlar:
* 900 qram alma;
* 2 yumurta;
* 70 qram un;
* 100 ml süd;
* 1 çay qaşığı qabartma tozu;
* 2 xörək qaşığı kərə yağı;
* 4 xörək qaşığı şəkər;
* yarım limonun suyu;
* bir çimdik duz;
* zövqə görə vanil şəkəri və darçın.
Əvvəlcə yumurta şəkər, duz və ədviyyatlarla birlikdə çalınır. Daha sonra əridilib soyudulmuş kərə yağı və süd əlavə edilir. Qarışıq yaxşıca qarışdırıldıqdan sonra ələnmiş un və qabartma tozu əlavə olunur. Nəticədə blinçik xəmirinə bənzər duru xəmir alınmalıdır.
Almaların qabığı və tumları təmizlənir, daha sonra çox nazik yarımdairəvi dilimlərə doğranır. Dilimlərin üzərinə vaxtaşırı limon suyu səpmək onların qaralmasının qarşısını alır.
Soba 180 dərəcəyə qədər qızdırılır. Forma perqamentlə örtülür. Alma dilimləri xəmirə əlavə edilərək yaxşıca qarışdırılır və forma daxilində lay-lay düzülür. Piroq təxminən 60-70 dəqiqə bişirilir.
Hazır deserti sobadan çıxardıqdan dərhal sonra kəsmək məsləhət görülmür. Onu soyuducuda forma daxilində soyutmaq lazımdır ki, piroq bərkisin və formasını yaxşı saxlasın.
"Görünməz" alma piroqunu süfrəyə şəkər kirşanı, badam ləçəkləri və ya bir top dondurma ilə təqdim etmək olar.
Jalə


