İdman

İtaliyadan iddia: Montella gedir, Arda Turan gəlir

İtaliyadan iddia: Montella gedir, Arda Turan gəlir

Türkiyə millisində Vinçenzo Montella ilə yolların ayrılacağı və onun yerinə Arda Turanın təyin olunacağı iddia edilib.

Demokrat.az-ın məlumatına görə, İtaliyanın "La Gazzetta dello Sport" qəzeti Türkiyə Futbol Federasiyasının (TFF) Montelladan sonra milli komandanı hazırda "Şaxtyor Donetsk"ə rəhbərlik edən Arda Turana həvalə edəcəyini yazıb.

Bildirilib ki, 2026-cı il dünya çempionatında qrupdan çıxa bilməyən Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasında da ilk dörd oyunda dörd məğlubiyyət alıb. Son üç matçda azarkeşlərin istefasını tələb etdiyi Montellanın TFF rəhbərliyində etimadını itirdiyi və onunla yaxın vaxtlarda yolların ayrılmasının gözlənildiyi qeyd olunub.

İddiaya görə, Arda Turan Türkiyə millisinin baş məşqçisi təyin olunacağı təqdirdə "Şaxtyor Donetsk"dəki işini də davam etdirəcək. 39 yaşlı mütəxəssisin hər iki komandaya paralel rəhbərlik edəcəyi bildirilir.

Arda Turanın milli komandanın başında ilk matçına noyabrın 12-də İzmirin Gürsel Aksel stadionunda Belçikaya qarşı çıxacağı iddia olunur.

Arda Turan "Şaxtyor"un baş məşqçisi kimi 60 oyunda 39 qələbə, 12 heç-heçə və 9 məğlubiyyət əldə edib. Onun rəhbərliyi altında Ukrayna klubu ilk mövsümdə ölkə çempionu olub və UEFA Konfrans Liqasının yarımfinalına yüksəlib. Bu mövsüm isə "Şaxtyor" Ukrayna Premyer Liqasının yeddi turundan sonra top fərqinə görə liderdir.

Jalə