2026-cı ilin oktyabr ayında Ayın fazaları və astroloji hadisələr bəzi günləri daha əlverişli, bəzilərini isə ehtiyatlı davranmaq üçün uyğun dövr kimi göstərir. Ay təqviminə görə, ayın əsas hadisələri 10 oktyabrda yeni Ay, 26 oktyabrda isə tam Ayın baş verməsi olacaq.
Demokrat.az xəbər verir ki, oktyabrın 1-dən 9-dək Ay azalacaq, 3 oktyabrda sonuncu rüb başlayacaq. 10 oktyabrda yeni Ay müşahidə olunacaq. Ardınca 11-25 oktyabr tarixlərində Ay böyüyəcək və 18 oktyabrda ilk rüb mərhələsi baş verəcək. 26 oktyabrda tam Ay, 27-31 oktyabr tarixlərində isə azalan Ay dövrü olacaq.
Astroloji təqvimə əsasən, 3 oktyabrda Venera retrograd hərəkətə keçəcək. Bu dövr münasibətlərdə əvvəldən həll olunmamış məsələlərin yenidən gündəmə gəlməsi ilə əlaqələndirilir. Keçmiş münasibətlərdən xəbər almaq, hissləri yenidən nəzərdən keçirmək və maliyyə məsələlərində düşünülməmiş qərarlardan çəkinmək tövsiyə olunur.
10 oktyabrda yeni Ay Tərəzi bürcündə baş verəcək. Astroloqlar bu günü yeni başlanğıclar üçün enerji baxımından mürəkkəb hesab edir və xüsusilə şəxsi münasibətlərlə bağlı qərarlarda tələsməməyi məsləhət görürlər. Gün daha çox gələcək planlarını düşünmək və mövcud vəziyyəti dəyərləndirmək üçün münasib sayılır.
15 oktyabrda Pluton retrograd hərəkətdən çıxaraq düz hərəkətə keçəcək. Bu tarixdən etibarən uzun müddət üzərində düşünülən məsələlərin həyata keçirilməsi üçün daha əlverişli şərait yarana biləcəyi bildirilir. 23 oktyabrda Günəş Əqrəb bürcünə keçəcək və diqqət daha çox mürəkkəb məsələlərin araşdırılmasına yönələcək.
Ayın ən diqqətçəkən tarixlərindən biri isə 24 oktyabrdır. Bu gün Merkuri retrograd hərəkətə başlayacaq və proses noyabrın 13-dək davam edəcək. Astroloji yanaşmaya görə, bu müddətdə sənədlərdə səhvlər, texniki problemlər, anlaşılmazlıqlar və səfərlərdə gecikmələr yarana bilər. Buna görə mühüm məlumatların ehtiyat nüsxəsini saxlamaq və razılaşmaları bir neçə dəfə yoxlamaq tövsiyə edilir.
25 oktyabrda retrograd Venera yenidən Tərəzi bürcünə qayıdacaq. Bu zaman köhnə münasibətlər, yarımçıq qalmış razılaşmalar və həll edilməmiş məsələlər yenidən gündəmə gələ bilər. 26 oktyabrda isə Buğa bürcündə tam Ay olacaq. Bu tarix maliyyə məsələlərinə yenidən baxmaq və xərcləri qiymətləndirmək üçün uyğun hesab edilsə də, böyük alış-veriş və emosional qərarlarda ehtiyatlı olmaq məsləhət görülür.
Astroloji təqvimə əsasən, oktyabrın ən uğurlu günləri 1, 2, 8, 13, 14, 16, 20, 21 və 27 oktyabr hesab olunur. Daha ehtiyatlı davranılması tövsiyə edilən tarixlər isə 10, 24, 25 və 26 oktyabrdır.
Sahələr üzrə isə yeni işlərə başlamaq üçün 11-21 oktyabr, maliyyə məsələləri üçün 11, 14-19, 27 və 28 oktyabr, iş fəaliyyəti üçün 11-19, 24 və 25 oktyabr daha əlverişli göstərilir. Münasibətlər üçün 11-16, 19-25, 27, 28, 30 və 31 oktyabr, səyahətlər üçün isə 11, 14-16, 21-25 və 28-30 oktyabr tarixləri qeyd olunur.
Qeyd edək ki, astrologiya elmi metod kimi qəbul edilmir və bu cür təqvimlər əsasən ənənəvi inanclara və astroloji şərhlərə əsaslanır. Buna görə göstərilən tarixləri mühüm qərarlar üçün elmi əsas kimi qəbul etmək olmaz.
Jalə


