Kriminal

Azərbaycanda kişi hamilə arvadına işgəncə verdi — Təfərrüat

Azərbaycanda kişi hamilə arvadına işgəncə verdi — Təfərrüat

Abşeron rayonunda 41 yaşlı kişi həyat yoldaşına işgəncə verməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində baş verib.

Salyan rayon sakini, 1985-ci il təvəllüdlü Rəşad yaşadığı mənzildə hamilə arvadı Nərgiz (adlar şərtidir – red.) ilə aralarında baş vermiş mübahisələr zamanı onun saçından tutaraq çarpayıya vurub.

Növbəti gün isə sərxoş vəziyyətdə alışqanla sol ayağını yandırıb, daha sonrakı günlərdə isə sərxoş vəziyyətdə bıçağın tiyəsini qızdıraraq kürəyinə basıb, daha sonra sürüyərək hamamda boğub.

Rəşad barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə – aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2018-ci ildə ilk dəfə ailə həyatı qurub, həmin evlilikdən bir oğlan övladı dünyaya gəlib:

"Birinci evliliyim 2021-ci ilə qədər davam etdi, 2021-ci ilin sonlarında boşandıq. Həmin evlilikdən olan oğlum gah anası ilə, gah da valideynlərimlə Şirvan şəhərindəki evimizdə yaşayırdı. 2022-ci ilin iyun ayında "Instagram" sosial şəbəkəsində Nərgiz ilə tanış oldum. Tanış olduqdan 5-6 gün sonra onun Xırdalan şəhərində yerləşən "Aytac" şadlıq sarayının yaxınlığındakı binalardan birində kirayədə yaşadığı evə getsəm də, gecələr onun evində qalmamışam".

Təqsirləndirilən şəxs deyib ki, Nərgizlə təxminən 1 ay görüşdükdən sonra münasibətləri ciddiləşib, evlənmək qərarına gəliblər:

"Nərgiz bir dəfə evli olaraq boşandığını, bir oğlu olduğunu, oğlunun valideynləri ilə bir yerdə yaşadığını, həmin ərəfələrdə işləmədiyini, maddi vəziyyətinin yaxşı olmadığını bildirdi. Buna görə də valideynlərinin ailə qurmağımıza razı olmayacağını dedi. Evlənmək qərarına gələrək 2022-ci ilin avqust ayında Nərgiz mənə qoşularaq qaçdı. Valideynlərimin yaşadıqları Şirvan şəhərindəki evlərinə gələrək bir ay orada yaşadıq. Şirvan şəhərində valideynlərimin evində yaşadığımız ərəfədə Nərgiz birinci evlilikdən olan oğlumu mənə qısqandı. Bu səbəbdən Nərgizlə aramızda mübahisələr oldu, uşaqla bir evdə qalmaq istəmədiyinə görə Xırdalan şəhərinə köçmək qərarına gəldik".

Rəşadın sözlərinə görə, 2022-ci ilin sentyabr ayında Xırdalan şəhərində ev kirayələyib və Nərgizlə birlikdə orada yaşamağa başlayıblar:

"Nərgiz hamilə olduğu üçün tez-tez ürək tutmaları oldu, tez-tez özündən getdi. Ona görə də ev sahibi bizi evdən çıxardı. Sonra başqa bir ünvanda mənzilə köçdük və orada kirayədə yaşadıq. Nərgizlə rəsmi nikaha daxil olduq. Rəsmi nikaha daxil olduqdan sonra o, tam dəyişdi, ayrı adam oldu. Anam, bacım, əvvəlki həyat yoldaşım və uşağım ilə danışdığıma görə mübahisə yaratmağa başladı. Qışqıra-qışqıra dayanmadan 5-10 dəqiqə deyinsə də, ona fikir və əhəmiyyət vermədim, mübahisənin davaya çevrilməsinə imkan vermədim. Nərgiz 2022-ci ilin noyabr ayına kimi boş-boş bəhanələrə görə söz-söhbət saldı".

Rəşadın dediyinə görə, 2022-ci ildə yağış yağdığı üçün işlədiyi dəmir qapı sexindən evə tez gəlib:

"Nərgiz evdə olmadığına görə ona zəng etsəm də, zənglərimə cavab vermədi. Həmin vaxt o, Xırdalan şəhərində məktəbdə kargüzar işləyib, iş vaxtı saat 08 radələrində başlayıb, saat 16 radələrində qurtarıb. Saat təxminən 18 radələrində Nərgiz evə gəldikdə giriş qapısının qarşısında ondan zəngimə nə üçün cavab vermədiyini soruşdum. O, telefonunun səssizdə olduğu üçün zəngi görmədiyini dedi. Nərgizin telefonunun həqiqətən də səssizdə olub-olmamasını yoxlamaq üçün ondan telefonunu istədim. Nərgiz də telefonunu verdi. Telefona baxmaq istəyərkən Nərgiz qapıdan çıxaraq getdi. Onun qaçaraq getməsinə çaş-baş qaldım. Telefonu ayaqqabı dolabının üstünə qoydum və ardınca getsəm də, tapa bilmədim. Nərgizin işlədiyi məktəbə getdim. Bu zaman onun məktəbin binasında olduğunu gördüm. Nərgizi çağırsam da, o, səs-küy saldı, məktəbin mühafizəçisi gələrək məni oradan uzaqlaşdırdı. Həmin vaxtdan sonra Nərgizi görmədim. Onun dedikləri tam yalandır. Nərgizə heç vaxt əl qaldırmamışam".

İş üzrə izahat verən Nərgizin sözlərinə görə, Rəşad ilə 2022-ci ildə ailə həyatı qurub, birgə nikahlarından bir qız övladları dünyaya gəlib:

"Ailə qurduqdan sonra iki ay Rəşadla münasibətlərimiz yaxşı olub, sonra münasibətlərimiz pozulub. Daha sonra Rəşad evə sərxoş vəziyyətdə gələrək əsaslı səbəb olmadan mübahisə etdi, məni döydü. Həmin vaxt hamilə olmuşam. O, qız övladı olmasını istəməyib, dünyaya gələcək övladımızın qız olacağını bildikdə bunu tez-tez dilə gətirərək mübahisə edib, mənə işgəncə verib. Rəşad evə gəldikdə qapını niyə gec açmağımı, hamamın niyə yaş olmasını deyib, belə əsassız səbəblərlə məni döyüb. Kiməsə deyəcəyim təqdirdə öldürəcəyi ilə hədələyib".

Zərərçəkmiş deyib ki, 2022-ci ilin oktyabr ayından noyabr ayınadək Rəşad mütəmadi olaraq evə sərxoş vəziyyətdə gələrək onu döyüb, işgəncələr verib:

"Başqa tarixlərdə Rəşad dəfələrlə məni döyüb, bıçağı boğazıma sıxaraq boğaz nahiyəmə xəsarət yetirib, dəmir parçası ilə ayaqlarıma vurub. Boğazıma yetirdiyi xəsarətlər nəticəsində hazırda da udqunarkən çətinlik çəkirəm, burnuma yetirdiyi xəsarətlərə görə burun sümüyüm əyilib".

Zərərçəkmiş bildirib ki, daha sonra ad günü olan vaxt Rəşad saçından tutaraq yatağın taxtasına vurub, burnu zədələnərək qanayıb:

"Rəşad döyməyə davam edərək məni yerdə sürüdü, bir daha yatağın taxtasına vurduqda sol qaşımın üstü qanadı. Daha sonrakı gün Rəşad evə içkili vəziyyətdə gələrək məni döyüb, huşumu itirdikdən sonra ölüb-ölmədiyimi yoxlamaq üçün alışqanla sol ayağımın alt və üst nahiyəsini yandırıb".

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rəşadın törətdiyi əməlin sübuta yetirilmədiyi qənaətinə gəlinib və ona bəraət verilib.

Fariz Məlikli

R
Redaktor