ABŞ-nin Miçiqan ştatından Demokratlar Partiyasının Senat namizədi Abdul El-Sayed ətrafında ciddi siyasi müzakirələr başlayıb. Onun Soros ailəsi ilə uzunmüddətli əlaqələri, Azərbaycana qarşı sərt mövqeyi və ABŞ-dakı erməni lobbisinin dəstəyi diqqət çəkir.
Musavat.com haqqın.az-a istinadən verdiyi məlumata görə, Corc Sorosun qardaşı oğlu Cefri Soros El-Sayedi 2012-ci ildən tanıdığını bildirib. El-Sayed həmin il Soros ailəsinin Paul və Daisy Soros adına "New Americans" təqaüd proqramının qalibi olub. Cefri Soros isə onun karyerasının başlanğıcında mühüm rol oynadığını açıq şəkildə qeyd edib.
Burada diqqət çəkən məqam El-Sayedin özünün milyarderlərin siyasətə təsirinə qarşı çıxış etməsidir. O, 2025-ci ildə korporasiyaların, oliqarxların və milyarderlərin siyasətçilərə təsirini ABŞ siyasətində "əsas korrupsiya" kimi qiymətləndirmişdi. Lakin onun öz siyasi və peşəkar yolunun başlanğıcında Soros ailəsinin dəstəyi olub.

El-Sayedin Azərbaycanla bağlı mövqeyi isə məsələni daha da diqqətçəkən edir. Senat namizədi Prezident Donald Trampın Bakı siyasətini tənqid edib, ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmağa və 907-ci düzəliş üzrə məhdudiyyətlərin yenidən tətbiqinə çağırıb.
Bundan sonra Amerika Erməni Milli Komitəsinin – ANCA-nın El-Sayedi açıq şəkildə dəstəkləməsi xüsusilə diqqət çəkib. ANCA onun Azərbaycana hərbi yardımla bağlı mövqeyini və erməni icmasının maraqlarını müdafiə etmək vədlərini dəstəyinin əsas səbəblərindən biri kimi göstərib.
Beləliklə, El-Sayedin siyasi portretində üç mühüm xətt birləşir: Soros ailəsi ilə uzunmüddətli əlaqələr, Azərbaycana qarşı sərt mövqe və erməni lobbisinin açıq dəstəyi. Bu mənzərə təsadüfi görünmür. Çünki ABŞ-da Azərbaycan siyasəti ətrafında ciddi fikir ayrılığı mövcuddur. Tramp administrasiyası Bakı ilə münasibətləri inkişaf etdirməyə çalışdığı halda, erməni lobbisinə yaxın siyasi qüvvələr Azərbaycana qarşı daha sərt xətt tələb edirlər.
907-ci düzəliş məsələsi də bu qarşıdurmanın əsas mövzularından biridir. Prezident İlham Əliyev Tramp administrasiyasının Azərbaycana hərbi yardımla bağlı məhdudiyyətlərin tətbiqindən imtina etməsini müsbət qarşılayıb. ANCA isə bu siyasətə qarşı çıxaraq Vaşinqtonun Bakı ilə bağlı kursunun sərtləşdirilməsini tələb edir. El-Sayedin Senata seçilməsi halında onun bu istiqamətdə fəaliyyət göstərməsi ehtimalı Azərbaycanda diqqətlə izlənilir. Çünki ABŞ Senatı xarici siyasət və təhlükəsizlik məsələlərində mühüm rol oynayır.
El-Sayed nümunəsi göstərir ki, ABŞ-da Azərbaycana qarşı siyasi mübarizənin arxasında təkcə Ermənistan lobbisinin deyil, müxtəlif maliyyə və siyasi şəbəkələrin də dayandığı görünür. Bakı üçün əsas məsələ isə belə qüvvələrin ABŞ-ın Azərbaycan siyasətinə nə dərəcədə təsir göstərə biləcəyidir. Abdul El-Sayedin Soros ailəsi ilə əlaqələri, Azərbaycana qarşı mövqeyi və ANCA tərəfindən dəstəklənməsi ABŞ-da Bakıya qarşı yeni siyasi kampaniyanın göstəricisi sayıla bilərmi və onun Senata seçilməsi Azərbaycan-ABŞ münasibətlərinə real təsir göstərə bilərmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin Musavat.com-a dediyinə görə, Azərbaycanla Ermənistan arasında yekun sülh sənədi imzalansa belə, erməni lobbisi həyasız fəaliyyətini davam etdirəcək. Onun fikrincə, erməni lobbisinin bel bağladığı daha biri senatorluğa namizəd El-Sayeddir.
Hüquq müdafiəçisi aralıq seçkilərinin nəticələrini gözləməyi tövsiyə edir: "Əgər demokratlar üstünlük qazansalar, həm Azərbaycan-ABŞ əlaqələrinə təsir edəcək, həm də erməni lobbisi daha da fəallaşacaq. Amma bu çağırışların nəticəsi verməsini gözləmirəm. Tramp dövründə əlaqələr inkişaf edir, Vaşinqton senatorluğa namizədin təkliflərini eşidərək siyasət yürütmür. Bundan əlavə, 2026-cı ildə isə Soros ailəsinin üzvləri ilə onun əlaqələri daha görünən hala gəlib. Lakin baxdığım etibarlı mənbələrdə Soros Fondunun şəxsən El-Sayedin Azərbaycan siyasətini müəyyən etdiyini və ya ona Azərbaycanla bağlı konkret göstəriş verdiyini sübut edən material yoxdur. Sadəcə, Konqresdə Azərbaycana skeptik yanaşan qüvvələrin imkanları hələ də qalır. Onlar çalışırlar ki, "907-ci düzəliş" ləğv olunmasın, Azərbaycana hərbi yardım edilməsin. Bu da ümumerməni maraqlarına xidmətdən irəli gəlir. Belə desək, sifariş yerinə yetirirlər. Yəni El-Sayed Azərbaycan haqda bəlkə az məlumatlıdır, amma erməni lobbisi onu istiqamətləndirir. Üstəlik, Sorosla yaxınlığı onun anti-Azərbaycan bir fiqur olduğu şübhələrini artırır".
Çingiz Qənizadə bütün hallarda Azərbaycan-ABŞ əlaqələrinə fundamental zərbə vurulacağını gözləmir: "Ancaq onu demək olar ki, El-Sayed Azərbaycana hərbi yardım məsələsini artıq açıq şəkildə problem hesab etdiyini bildirib. Buna görə senator seçilərsə, Azərbaycana yardımın məhdudlaşdırılması və ya daha sərt şərtlərə bağlanması istiqamətində qanunvericilik təşəbbüslərini dəstəkləyə bilər. Məsələ budur ki, erməni lobbisi öz imkanlarını gücləndirməyə çalışır. O baxımdan, respublikaçılarla daha çox işləməliyik. Trampın Azərbaycana münasibətini xüsusi dəyərləndirməklə bu imkanlardan istifadə etmək lazımdır. Ona görə bunu "bir senator gəlir və ABŞ–Azərbaycan münasibətləri pozulur" formasında görmək düzgün olmaz. Bizim Ağ Ev lideri ilə yüksək səviyyədə münasibətlərimiz var, bundan yararlanmaq lazımdır".
Hüquqşünas deyib ki, başqa bir məqam - əgər Azərbaycana qarşı sərt yanaşan senatorlar qrup şəklində qanun layihəsi irəli sürsələr və bu, komitələrdən keçərək iki palatada dəstək qazansa, artıq məsələ real dövlət siyasətinə çevrilə bilər: "Amma bunun üçün El-Sayeddən qat-qat geniş siyasi koalisiya lazımdır. El-Sayed təkbaşına Azərbaycan üçün strateji dəyişiklik yarada bilməz. Bakı üçün əsas məsələ El-Sayedin seçilib-seçilməməsindən əlavə, onun Senatda hansı komitəyə düşməsi, hansı qanun layihələrini dəstəkləməsi və Azərbaycan məsələsində hansı senatorlarla koalisiya qurmasıdır".


