Tanınmış erməni jurnalist, populyar bloqer Roman Baqdasaryan 44 günlük müharibə haqda özünün növbəti efirini həyata keçirib.
Erməni bloqer bildirib ki, İlham Əliyevin Qarabağ məsələsindəki mövqeyi həmişə dəyişməz qalıb.

"Əliyevi, Serj Sarkisyanı və Köçəryanı istədiyimiz qədər ittiham edə bilərik, lakin ortada sadə bir fakt var: bütün bu danışıqlar ərzində Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan Qarabağı və onun ətrafındakı əraziləri geri qaytaracaq, həmçinin həmin ətraf ərazilərin qaytarılmasını tələb edirdi. Başqa sözlə, əks-hücuma keçməzdən əvvəl Əliyev ardıcıl olaraq bunu Serj Sarkisyandan tələb etmişdi. Bu arada Serj Sarkisyan və Robert Köçəryan istehza ilə gülümsəyir, heç nəyi geri qaytarmayacaqlarını – hər şeyin bizə məxsus olduğunu iddia edirdilər. Axı dünyada heç bir dövlət Qarabağı nə müstəqil dövlət, nə də Ermənistanın torpağı kimi tanımırdı. Əslində isə məlum olur ki, Əliyevin dediyi hər şey doğru imiş, istər xoşumuza gəlsin, istər gəlməsin. Serj və Qarabağ rəhbərliyinin dedikləri isə yalan imiş. Bəs indi vəziyyət necədir? Bu müharibədə qarşıdurma tərəflərinin məqsədləri nə idi? Azərbaycan sentyabrın 27-də müharibəyə başlayarkən qarşısına təkcə Qarabağ ətrafındakı əraziləri deyil, həm də Qarabağın özünü ələ keçirmək və məsələni birdəfəlik həll etmək məqsədini qoymuşdu (çünki beynəlxalq hüquq ona bu səlahiyyəti verirdi - red.), - Bağdasaryan vurğulayıb.
O, daha sonra qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri isə Əliyevin Serjə xəbərdarlığı idi.
"Yəni ki, "gəlin bu problemi hansısa yolla nizamlayaq". Bu Ermənistan rəhbərliyinə verilən daha bir şans idi. Düşünmürəm ki, Əliyev xüsusilə çox sayda əsgər itirmək istəyirdi; axı Azərbaycanın itkiləri də Ermənistanınkı qədər böyük idi. Bununla belə, 44 günlük müharibədə Əliyev bütün Qarabağı və ətraf rayonların hamısını ələ keçirməyi hədəfləmişdi. Əliyevin Hadrut və Şuşa rayonlarını tutub sadəcə orada dayanmağı planlaşdırdığına qətiyyən inanmıram. İnanmıram ki, bu qədər silah-sursat toplayan və dəfələrlə hücum edib ərazilərini geri qaytarmaq niyyətini bəyan edən Azərbaycan sadəcə Qarabağın bir hissəsini azad etmək istəyirdi. Həqiqət budur ki, Əliyev qarşısına bu məsələni tam həll etmək məqsədini qoymuşdu. Düzünü desəm, anlayıram ki, Əliyev çətin ki, Bako Saakyan və ya onun kimilərlə yanaşı Qarabağda yaşamaq istəyərdi. Hətta biz - erməni xalqı belə, bunların sifətlərini görmək istəmirik. Bəs Əliyev niyə onlarla birlikdə yaşamaq istəsin ki?" – deyə Roman Bağdasaryan erməni auditoriyasına sual verir.
Alparslan


