Özəl

Psixoloji yardım almağa niyə utanırıq? — Açıqlama

Psixoloji yardım almağa niyə utanırıq? — Açıqlama

Psixoloqa müraciət etmək hələ də bir çox insan tərəfindən psixoloji problemin və ya "dəliliyin" göstəricisi kimi qəbul olunur.

Bəs cəmiyyətdə psixoloqa getməyi "dəlilik" kimi qəbul edən düşüncənin arxasında hansı amillər dayanır və insanlar niyə psixoloji dəstək almaqdan çəkinirlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, psixoloqa getməyin "dəlilik" əlaməti olması cəmiyyətin yaratdığı ən zərərli stereotiplərdən biridir.

Psixoloji yardım almağa niyə utanırıq? — Açıqlama

Onun sözlərinə görə, insan fiziki problemi olduqda həkimə müraciət edir, amma psixoloji çətinlik yaşayanda susmağı, dözməyi və hər şeyi tək həll etməyi "güclü olmaq" hesab edir:

"Halbuki bu, çox vaxt güc yox, problemin inkarıdır. İnsanları psixoloqa müraciətdən çəkindirən əsas səbəblərdən biri damğalanmaq qorxusudur.

"Mənim haqqımda nə düşünərlər?", "Dəli olduğumu zənn edərlər", "Deməli, zəifəm". Beləliklə, insan problemini həll etmək əvəzinə onu gizlətməyə başlayır. Ailə və sosial mühitin bu yanaşmanı dəstəkləməsi isə stereotipi daha da möhkəmləndirir. Digər təhlükəli düşüncə isə "özüm həll etməliyəm" yanaşmasıdır.

İnsan gündəlik həyatını davam etdirə, işləyə və kənardan tam normal görünə bilər, amma bu, onun daxilən yaxşı olduğu demək deyil. Funksional görünmək psixoloji sağlamlığın göstəricisi deyil. Bəzən insan sadəcə öz çətinliyini gizlədərək yaşamağı öyrənir.

Psixoloqa müraciət etmək üçün insanın ağır psixi pozuntu yaşaması lazım deyil. Davamlı stress və təşviş, münasibətlərdə təkrarlanan problemlər, travmatik təcrübələr, emosiyaları idarə etməkdə çətinlik və ya uzun müddət davam edən daxili narahatlıq artıq yardım almaq üçün kifayət qədər səbəbdir.

Əslində problem psixoloqa getmək deyil. Problem, insanın illərlə özünü "məndə heç nə yoxdur" fikri ilə susdurmasıdır. Öz psixoloji vəziyyətini qəbul etmək zəiflik deyil; əksinə, insanın özünə qarşı məsuliyyət götürməsidir.

"Psixoloqa gedən dəlidir" düşüncəsi psixoloji savadsızlığın məhsuludur. Psixi sağlamlıq da sağlamlığın bir hissəsidir və ona qayğı göstərmək utanılacaq yox, normal və məsuliyyətli davranışdır".