Sosial

Ayan Qəmbərova: "Qiymətləndirmə sahəsində yeni yanaşmalar formalaşır"

Ayan Qəmbərova: Qiymətləndirmə sahəsində yeni yanaşmalar formalaşır

Beynəlxalq qiymətləndirmə standartlarının yerli qanunvericiliyə və praktikaya inteqrasiyası Azərbaycanda qiymətləndirmə institutunun inkişafında yeni mərhələ yaradır. Bu proses yalnız normativ bazanın yenilənməsini deyil, qiymətləndirməyə yanaşmanın dəyişdirilməsini, müasir metodologiyaların tətbiqini və yeni nəsil peşəkarların hazırlanmasını tələb edir.

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova söyləyib.

Onun sözlərinə görə, müasir iqtisadiyyat yeni aktivlər, mürəkkəb biznes modelləri və dəyişən bazar şərtləri formalaşdırır: "Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müasir dövrün tələblərinə cavab verməyən şablon yanaşmalardan imtina edilməli, yeni yanaşmalar tətbiq olunmalıdır. Qiymətləndirmə sahəsindəki dəyişikliklərə də məhz bu prizmadan yanaşmaq lazımdır. Bu isə qiymətləndiricidən ənənəvi yanaşmalarla kifayətlənməməyi və iqtisadi reallıqları daha dərindən təhlil etməyi tələb edir.

Beynəlxalq qiymətləndirmə standartlarının yerli praktikaya inteqrasiyası mexaniki uyğunlaşdırma kimi qəbul edilməməlidir. Əsas məqsəd beynəlxalq prinsipləri Azərbaycan iqtisadiyyatının və hüquqi mühitinin xüsusiyyətlərini nəzərə alan, praktik və işlək mexanizmə çevirməkdir. Bu baxımdan Beynəlxalq Qiymətləndirmə Standartları qiymətləndirmə üçün vahid metodoloji çərçivə yaradır".

AQP rəsmisi qeyd edir ki, konkret nümunələr göstərir: "Biznesin dəyərinin müəyyənləşdirilməsi zamanı yalnız şirkətin balans göstəricilərinə baxmaq kifayət etmir. Gələcək pul axınları, risklər, bazar iştirakçılarının gözləntiləri, şirkətin fəaliyyət göstərdiyi sektor və digər iqtisadi amillər də nəzərə alınmalıdır. Eyni yanaşma daşınmaz əmlak, avadanlıq və qeyri-maddi aktivlərə də tətbiq edilir. Əsas məsələ yalnız rəqəm müəyyən etmək deyil, həmin rəqəmin hansı məlumat və metodologiyaya əsaslandığını əsaslandırmaqdır. Metodologiyanın yenilənməsi xüsusilə sürətlə dəyişən iqtisadi mühitdə böyük əhəmiyyət daşıyır.

Məsələn, texnologiya şirkətinin dəyərinin müəyyənləşdirilməsi zamanı onun fiziki aktivlərindən daha çox proqram təminatı, müştəri bazası, brend, gələcək gəlir potensialı və digər qeyri-maddi amillər ön plana çıxa bilər. Eyni zamanda, gəlir gətirən kommersiya obyektinin qiymətləndirilməsində bazar müqayisələri ilə yanaşı, obyektin yaratdığı gəlir və həmin gəlirin risk səviyyəsi də nəzərə alınmalıdır.

Sədr müavini bildirir ki, qiymətləndirmənin nəticəsi yalnız hesablamanın yekunu deyil, müəyyən iqtisadi məntiqin ifadəsidir: "Eyni aktiv müxtəlif bazar şərtlərində fərqli dəyər göstəricisinə malik ola bilər. Buna görə qiymətləndiricinin əsas vəzifələrindən biri əldə olunan nəticənin arxasında dayanan iqtisadi məntiqi və istifadə olunan yanaşmaları aydın şəkildə izah etməkdir. Beynəlxalq standartların tətbiqi də məhz bu peşəkar yanaşmanı gücləndirir. Rəqəmsallaşma da qiymətləndirmə peşəsinin məzmununu dəyişir. Bazar məlumatlarının daha böyük həcmdə toplanması və təhlili, müxtəlif mənbələrdən əldə edilən məlumatların müqayisəsi və analitik alətlərdən istifadə qiymətləndiricilər üçün yeni yanaşmalar formalaşdırır".

Bu dəyişikliklər kadr hazırlığını da qiymətləndirmə islahatlarının əsas istiqamətlərindən birinə çevirir. Bu gün qiymətləndiricidən yalnız baza peşə bilikləri tələb olunmur. O, maliyyə göstəricilərini təhlil etməli, bazar məlumatlarını qiymətləndirməli, hüquqi çərçivəni bilməli, müasir analitik alətlərdən istifadə etməli və beynəlxalq standartların tələblərini real qiymətləndirmə situasiyalarına tətbiq edə bilməlidir. Buna görə peşəkar inkişaf birdəfəlik deyil, davamlı proses olmalıdır.

A.Qəmbərova hesab edir ki, AQP-nin əsas istiqamətlərindən biri qiymətləndiricilərin beynəlxalq təcrübəyə çıxışını genişləndirmək, təlim və ixtisasartırma mexanizmlərini təkmilləşdirmək və müasir metodoloji yanaşmaları peşəkar mühitdə yaymaqdır: "Beynəlxalq standartlara uyğun qiymətləndirmə yalnız qiymətləndiricilər üçün deyil, bu xidmətlərdən istifadə edən bütün tərəflər üçün daha şəffaf və etibarlı mühit yaradır. Xüsusən investisiya və maliyyələşdirmə qərarlarında, biznes əməliyyatlarında, sığortada, məhkəmə mübahisələrində və maliyyə hesabatlarında obyektiv və əsaslandırılmış dəyər göstəricisinin əhəmiyyəti böyükdür.

Bizim üçün əsas hədəf beynəlxalq standartları sadəcə qəbul etmək deyil, onların müəyyən etdiyi keyfiyyət meyarlarını real qiymətləndirmə praktikasına gətirməkdir. Bunun üçün qanunvericilik, metodologiya, institusional mexanizmlər və kadr hazırlığı paralel inkişaf etməlidir. Müasir iqtisadiyyat dəyişdikcə qiymətləndirmə də dəyişməlidir. AQP-nin fəaliyyəti isə bu transformasiyanın mühüm institusional dayaqlarından birini formalaşdırmağa yönəlib" - A.Qəmbərova əlavə edib.