Mədəniyyət

Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur - Nazir müavini

Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur - Nazir müavini

Üzeyir Hacıbəyli festivalından dünya səhnələrinə: Milli musiqimizin beynəlxalq coğrafiyası genişlənir

Azərbaycanın milli mədəni irsinin qorunması, yaşadılması və beynəlxalq miqyasda təbliği dövlət mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu zəngin irsin ayrılmaz parçası olan Azərbaycan musiqisi isə əsrlər boyu formalaşmış ənənələri, bənzərsiz melodik dili və görkəmli bəstəkarların yaratdığı nadir sənət nümunələri ilə dünya mədəniyyət xəzinəsində özünəməxsus yer tutur. Bu irsin professional musiqi müstəvisində inkişafında isə dahi bəstəkar Üzeyir Hacıbəylinin xidmətləri misilsizdir. Onun yaratdığı sənət məktəbi Azərbaycan musiqisinin sonrakı inkişafının möhkəm təməlini formalaşdırıb.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı artıq illərdir dahi bəstəkarın irsinin yaşadılması ilə yanaşı, Azərbaycan musiqisinin dünyaya təqdim edilməsi, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və yeni nəsil sənətçilərin yaradıcılıq imkanlarının dəstəklənməsi baxımından mühüm platforma kimi çıxış edir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin Azərbaycan mədəniyyətindəki yeri, beynəlxalq festivalın əhəmiyyəti, milli musiqimizin xarici ölkələrdə təbliği və bu istiqamətdə həyata keçirilən layihələr barədə danışıb:

Üzeyir Hacıbəyli irsi və beynəlxalq festivalın missiyası

Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, tarixdə bir çox yeniliklərə imza atmış böyük sənətkardır. Onun şərəfinə 2009-cu ildən etibarən Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu festivalda hər zaman dünyaşöhrətli musiqiçilər, dirijorlar və müxtəlif kollektivlər iştirak edir, yaddaqalan, uzun müddət unudulmayan gözəl konsert proqramları təqdim olunur.

Festivalın sentyabrın 18-dən başlamasının da xüsusi əhəmiyyəti var. 1995-ci il sentyabrın 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix hər kəs üçün çox əziz və doğma gündür.

Festival bu il ilk dəfə Azərbaycan Dövlət Akademik Filarmoniyasının açıq səhnəsində təşkil olunub. Tədbirdə geniş konsert proqramı təqdim edilib. Proqramın ilk hissəsində Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin, daha sonra isə Türk dünyasının tanınmış bəstəkarlarının əsərləri səsləndirilib.

Ümumiyyətlə, festivalın builki proqramı çox zəngin olub. Festival çərçivəsində bir sıra layihələr həyata keçirilib. Əlbəttə ki, gələcəyimiz olan uşaqlara və gənclərə də xüsusi yer verilir. Onların istedadlarını göstərmələri, yaradıcılıqlarını nümayiş etdirmələri üçün imkanlar yaradılır.

Festival çərçivəsində Azərbaycanın regionlarında da müxtəlif tədbir və konsertlər təşkil edilib. Bu istiqamətdə qarşılıqlı mədəni mübadiləyə xüsusi diqqət yetirilib. Məsələn, Gəncə Dövlət Filarmoniyasının kollektivləri başqa regionlarda çıxış ediblər. Eyni zamanda Filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivləri və digər ifaçılar maraqlı konsert proqramları təqdim ediblər.

Mədəni irsimizin təbliği və geniş işıqlandırılması prioritet məsələlərdəndir. Əbədiyyətə qovuşmuş görkəmli bəstəkar və sənətkarlarımızın unudulmaz yaradıcılığına həsr olunan konsertlər müntəzəm təşkil olunur. Bununla yanaşı, çağdaş mədəniyyətimizi zənginləşdirən Xalq artistlərinin və tanınmış sənət adamlarının yaradıcılıq gecələrinin keçirilməsi də xüsusi diqqətdə saxlanılır.

Ölməz əsərlər dünya səhnələrində

Üzeyir Hacıbəylinin zəngin irsi bizim üçün hər zaman doğma və əzizdir. Bəstəkarın yaradıcılığında xüsusi yer tutan "Koroğlu" operası isə yalnız ölkəmizdə deyil, bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən böyük sevgilə qarşılanır. Bu əsər ilk notundan sonunadək həm musiqi aləmi, həm də soydaşlarımız üçün müstəsna əhəmiyyət daşıyır.

Ötən il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına "Koroğlu" operası ilə start verilib. Bu ölməz sənət incisi təkcə festivalda deyil, müxtəlif səhnələrdə də hər zaman böyük maraqla qarşılanır.

Dahi bəstəkarın "Arşın mal alan" operettası da bu il milli musiqimizin beynəlxalq miqyasda təbliği baxımından son dərəcə uğurlu olub. Səhnə əsəri Mədəniyyət Nazirliyi və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərindəki "Akzent" Teatrında üç gün ərzində nümayiş etdirilib.

Şəxsən izlədiyim bu tamaşalar dərin təssürat bağışladı – üç gün boyunca zalda tək bir anşlaqsız seans və ya boş bilet qalmamışdı. Vyanada Üzeyir bəyin yaradıcılığına göstərilən böyük diqqət qürurverici idi.

Bu uğur yalnız Vyana ilə məhdudlaşmır; ölməz operettanın dünyanın digər möhtəşəm səhnələrində də təqdim olunması planlaşdırılır. "Arşın mal alan" bundan sonra da Azərbaycan mədəniyyətini dünyada şərəflə təmsil etməyə davam edəcək.

Azərbaycan musiqisinin beynəlxalq coğrafiyası genişlənir

Festival çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri də uğurlu fəaliyyəti ilə seçilib. Məqsədimiz dahi bəstəkarın ölməz yaradıcılığını beynəlxalq auditoriyaya daha geniş coğrafiyada və möhtəşəm səhnələrdə təqdim etməkdir.

Eyni zamanda, estrada-simfonik orkestrinin və digər kollektivlərin ilboyu – yanvardan dekabrın sonunadək davam edən qastrol səfərləri böyük maraq doğurur. Kollektivlərimiz istər böyük səhnələrdə, istərsə də müxtəlif məkanlarda hər zaman yüksək peşəkarlıq nümayiş etdirirlər.

Növbəti festivallarda xarici musiqiçilərlə tərəfdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu çərçivədə hazırda Avstriyadan olan və Azərbaycan musiqisinə xüsusi maraq göstərən dirijorla danışıqlar aparılır. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı orkestri ilə nəzərdə tutulan bu layihələr milli musiqimizin dünyada təbliğinə yeni töhfələr verəcək.

Milli musiqi irsi Şuşadan dünya səhnələrinə

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Üzeyir hacıbəylinin Şuşada onun evi və muzeyi bərpa olunub. Hazırda dünyanın müxtəlif ölkələrindən gələn turistlər, eləcə də musiqi mütəxəssisləri Üzeyir Hacıbəylinin yaradıcılığı ilə tanış olmaq üçün həmin muzeyi ziyarət edirlər. Şuşada Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunan konsertlərin təşkil edilməsi də mühüm əhəmiyyət daşıyır.

Ümumiyyətlə Azərbaycanın regionlarında, xüsusilə Xankəndi, Ağdam, Şuşa, Laçın, Xocavənddə müxtəlif tədbirlər keçirilir. Bu il ilk dəfə Xocavənddə Şəhər Günü qeyd olundu. Bu cür tədbirlərdə uşaqların və gənclərin iştirakı xüsusi sevindirici haldır.

Azərbaycan bəstəkarlıq məktəbinin zəngin irsi yaşadılır

Azərbaycan bir çox görkəmli sənətkar yetişdirib. Onların arasında Fikrət Əmirovun zəngin yaradıcılığı xüsusi yer tutur. Bəstəkarın əsərlərinin xaricdə təqdim olunması Azərbaycan musiqisinin beynəlxalq miqyasda təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Müxtəlif ölkələrdə keçirilən silsilə konsert və tədbirlər milli musiqimizin əsl təntənəsinə çevrilir. Bu proqramlarda səslənən əsərlər beynəlxalq auditoriya tərəfindən hər zaman böyük rəğbət və sevgilə qarşılanır.

Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev və digər böyük sənətkarlarımızın irsi bu gün də konsert proqramlarının əsasını təşkil edir. Böyük bəstəkarlarımızın bizə əmanət qoyduğu zəngin xəzinə diqqətlə qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür.

Azərbaycan musiqisinin köklü ənənələrini davam etdirmək, dahi bəstəkarlarımızın əsərlərini dünya səhnələrində səsləndirmək və gəncləri bu irslə yaxından tanış etmək prioritet məqsədlərimizdəndir. Bu istiqamətdə təşkil olunan festivallar, qastrol səfərləri və müxtəlif mədəni layihələr musiqi mədəniyyətimizin daha geniş coğrafiyada tanıdılmasına xidmət edir.

B
Qeyd edilməyib