Siyasi

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı, ilk növbədə, Azərbaycanın inkişafı, təhlükəsizliyi və digər istiqamətlər üzrə gələcək fəaliyyətinin yeni konseptual doktrinası kimi qəbul edilməlidir. Təbiidir ki, Azərbaycan uzun illər işğaldan əziyyət çəkən ölkə kimi təhlükəsizliyin təmin edilməsi, müdafiə qabiliyyətinin yüksəldilməsi və hərbi potensialın gücləndirilməsi istiqamətində uzun yol keçib. Bu siyasətin nəticəsini 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdik və Azərbaycan tarixi Zəfər qazandı. Bu Zəfər hazırda dünya üçün nümunəyə çevrilib və müxtəlif hərbi dairələrin diqqətini cəlb edir. Eyni zamanda, antiterror tədbirləri zamanı cəmi bir gün ərzində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Bu, dövlətimizin başçısının uzun illər ərzində həyata keçirdiyi ardıcıl diplomatik və hərbi siyasətin nəticəsi idi. Nəticədə Azərbaycan Ordusu daha da qüdrətləndi, ən müasir hərbi arsenala sahib oldu və şəxsi heyətin peşəkarlığı özünü bütün bu proseslərdə aydın şəkildə göstərdi.

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qurultaydakı çıxışını bir çox istiqamətlərdən təhlil etmək mümkündür. Çıxışda, ilk növbədə, ölkəmizin bundan sonra atacağı addımlar, milli və dövlətçilik maraqlarımızın, suverenliyimizin qorunması, həmçinin bu istiqamətlərdə gücümüzün daha da artırılması ilə bağlı mühüm tezislər öz əksini tapıb.

"Təbiidir ki, Azərbaycan bu uğurlara həm də həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və ölkənin iqtisadi gücünün artırılması nəticəsində nail olub. Azərbaycan uzun illərdir Cənubi Qafqazda bir çox sahələrdə lider ölkə kimi mövqeyini möhkəmləndirib. Hazırda Azərbaycan dünyada orta güc dövləti kimi tanınır və qəbul edilir. Bu iqtisadi və siyasi müstəqilliyin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yüksək mərhələyə çatdırılıb.

Biz işğaldan azad olunmuş ərazilərimizi bu gün sıfırdan bərpa edirik. Erməni vəhşilikləri nəticəsində dağıdılmış, yerlə-yeksan edilmiş Azərbaycan torpaqlarında yeni və müasir layihələr həyata keçirilir. Bununla paralel olaraq Böyük Qayıdış prosesi də uğurla davam etdirilir. Bütün bunlarla biz bir daha dünyaya tarixi ata-baba yurdlarımıza sahib çıxdığımızı, həmin ərazilərin bərpasını və inkişafını Azərbaycan dövlətinin güclü siyasi iradəsi və iqtisadi imkanları hesabına həyata keçirdiyimizi göstəririk", - deyə politoloq əlavə edib.

Azərbaycanı istəməyən, ölkəmizin əldə etdiyi uğurları qəbul etməyən qüvvələrdan danışan S.Kərimli bildirib: "Bu cür qüvvələr həmişə olub, bu gün də mövcuddur və gələcəkdə də olacaq. Prezident İlham Əliyevin milli maraqlara, dövlətçilik və müstəqillik prinsiplərinə əsaslanan qətiyyətli siyasətini qəbul etməyən qüvvələr müxtəlif təzyiq və təsir vasitələri ilə ölkəmizə qarşı fəaliyyət göstərməyə çalışırlar. Bu çərçivədə xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhundan uzaqlaşdırılması və müxtəlif zərərli xarici təsirlərə məruz qoyulması istiqamətində cəhdlərin olduğu müşahidə edilir. Azərbaycan Prezidentinin YAP-ın Qurultayındakı çıxışı zamanı gənclərə ünvanladığı müraciət, eləcə də ictimaiyyətə verdiyi mesajlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çıxışda ortaya qoyulan yol xəritəsi ölkənin gələcəkdə üzləşə biləcəyi xarici təhdidlər qarşısında milli həmrəyliyin, siyasi iradənin və dövlətçilik mövqeyinin qorunmasının vacibliyini bir daha ortaya qoyur".