Maraqlı

Paltarları hər geyimdən sonra yumaq lazımdır?

Paltarları hər geyimdən sonra yumaq lazımdır?

Hər geyimi bir dəfə istifadə etdikdən sonra yumaq vacib deyil. Mütəxəssislər bildirirlər ki, paltarların yuyulma tezliyi onların növündən, bədənlə təmasından və istifadə zamanı çirklənib-çirklənməməsindən asılıdır.

Demokrat.az xəbər verir ki, "Which?" təşkilatının ekspertləri müxtəlif geyimlərin hansı aralıqlarla yuyulmasının daha məqsədəuyğun olduğunu açıqlayıblar.

Mütəxəssislərin fikrincə, paltarları həddindən artıq yumaq yalnız su və enerji sərfiyyatını artırmır, həm də parçaların daha tez köhnəlməsinə səbəb olur. Bununla belə, ekzema və ya həssas dəri problemi olan insanların geyimlərin təmizliyinə daha çox diqqət yetirməsi tövsiyə olunur.

Hansı geyim nə vaxt yuyulmalıdır?

Alt paltarları, idman geyimləri və çimərlik geyimləri hər istifadədən sonra yuyulmalıdır. Bu geyimlər dəri ilə birbaşa təmasda olduğundan tər və bakteriyaların toplanması ehtimalı daha yüksəkdir.

T-shirt, ağ geyimlər və donlar isə adətən bir və ya iki istifadədən sonra yuyula bilər.

Cins şalvarlar üçün daha uzun müddət gözləmək mümkündür. Mütəxəssislər onları təxminən 6-10 istifadədən bir yumağı tövsiyə edirlər.

Sviterlər isə təxminən 5-6 istifadədən bir yuyula bilər.

Palto və gödəkçə kimi üst geyimlərə gəldikdə isə mövsüm ərzində bir və ya iki dəfə yumaq kifayət hesab olunur.

Sosial şəbəkədə mübahisə yarandı

Mövzu X sosial şəbəkəsində yayılan və 1,4 milyondan çox baxış toplayan paylaşımın ardından yenidən gündəmə gəlib.

İstifadəçilərdən biri deterjan istehsalçılarının insanları hər geyimi yalnız bir dəfə istifadə etdikdən sonra yumağa təşviq etdiyini iddia edib. Paylaşımın altında isə fərqli fikirlər səsləndirilib.

Bəzi istifadəçilər tərləmədikləri və paltarlarını çirkləndirmədikləri halda eyni geyimi bir neçə dəfə istifadə etdiklərini bildiriblər. Digərləri isə çöldə geyinilən hər paltarın bir istifadədən sonra yuyulmalı olduğunu düşünür.

"Which?" ekspertlərinin tövsiyələri göstərir ki, bütün geyimlər üçün eyni yuma qaydasını tətbiq etmək düzgün deyil. Ən uyğun yanaşma paltarın növünü, istifadə şəraitini və insanın dəri həssaslığını nəzərə almaqdır.

Jalə