Özəl

Xərçəngin yaranmasına səbəb olan əsas amillər açıqlandı — Hər gün edirik...

Xərçəngin yaranmasına səbəb olan əsas amillər açıqlandı — Hər gün edirik...

Xərçəng uzun illərdir ki, can almağa davam edir. Xərçəng xəstəliklərinin müalicəsində mühüm irəliləyişlər əldə olunsa da, bütün xərçəng növlərini tam sağaldan vahid müalicə üsulu hələ mövcud deyil.

Bəs ən azından hansı faktorlar hansı xərçəng növlərində daha böyük rol oynayır və ailəsində xərçəng olan insanlar nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, ümumiyyətlə, xərçəngin qarşısını 40-50 faiz almaq olar.

Xərçəngin yaranmasına səbəb olan əsas amillər açıqlandı — Hər gün edirik...

Onun sözlərinə görə, aparılmış araşdırmaların nəticəsi də onu göstərir ki, ümumiyyətlə, xərçəng xəstəliyinin yaranmasında ilk sırada qidalanma faktoru dayanır:

"Yəni hətta Amerikada aparılmış araşdırma da onu göstərir ki, 60-70 faiz hallarda qidalanma ilə bağlıdır. Əgər biz qidalanmaya fikir versək, təbii ki, bunun qarşısının alınmasında çox böyük addımlar atmaq olar. Amerika, Böyük Britaniya və Hollandiyada aparılmış araşdırma da onu göstərdi ki, gənclər arasında xərçəng xəstəliyi həddindən çox sürətlə yayılmaqdadır. Və hətta Böyük Britaniyada aparılmış araşdırma nəticəsində göstərir ki, gənclər arasında ümumiyyətlə, prostat xərçəngi 4 dəfə artmışdır, böyrək xərçəngi 2 dəfə artmışdır. Və təbiidir ki, bunların da ilk başlanğıcında qidalanma faktorları, hərəkətsizlik durur, fast-food qidalardan çox geniş istifadə durur, ultra emal olunmuş ət və ət məhsulları durur, alkoqoldan, tütün məhsullarından, məmulatlarından geniş istifadə onkoloji xəstəliklərin yaranmasında ilk sıralarda duran əsas amillərdən biridir. Başqa bir faktor, təbiidir ki, genetik faktorun olmasıdır. Əgər ailəsində onkoloji xəstəlikdən əziyyət çəkən kimsə varsa, təbiidir ki, ildə bir-iki dəfə müayinələrdən keçmələri məsləhətdir. Çünki biz bilirik ki, erkən müayinə can qurtarır. Ona görə vaxtında həkimə müraciət etsələr, vaxtında diaqnoz qoyulsa, bunun qarşısının alınmasında böyük rol oynayır".

Onkoloq əlavə edib ki, çox təəssüflər olsun ki, pasiyentlərin hər 10 nəfərdən 7-8-i xərçəngin 3-cü və 4-cü mərhələsində müraciət edirlər:

"Təbiidir ki, bu da artıq gecikmiş mərhələ sayılır və bunun da qarşısının alınması mümkün olmur, demək olar ki. Onun üçün də hər zaman deyirik ki, vaxtında həkimə müraciət etsinlər. Çünki biz bilirik ki, bəzi xəstələr bizə deyirlər ki, mənim heç bir ağrım yoxdur, heç bir simptomum yoxdur, mən nəyə görə həkimə müraciət etməliyəm ki? Onu xüsusilə qeyd etmək istərdim ki, ağrı, qanaxma və digər əlamətlərin meydana çıxması artıq xəstəliyin irəliləmiş mərhələdə olmasına işarə edə bilər. Onun üçün də biz hər zaman deyirik ki, ağrı oldu-olmadı, ildə bir dəfə, iki dəfə mütləq surətdə həkim müayinəsindən keçmək məqsədəuyğundur. Başqa bir faktor stress faktorunun olmasıdır, ondan sonra travmaların olmasıdır. Və Azərbaycanda da aparılmış bir araşdırma onu göstərdi ki, qadınlarımız həddindən çox abort etdirirlər. Yəni bu da, onkoloji xəstəliklərin yaranma səbəblərindən biri də travmaların olmasıdır, abort sayının həddindən çox olmasıdır. Onun üçün də yaxşı olardı ki, bunlardan uzaq dursunlar, travmalardan uzaq dursunlar və xərçəngin də qarşısının alınmasında mütləq surətdə vaxtında həkimə müraciət etsinlər. Digər bir faktor virus xəstəliklərinin olmasıdır. Bura hepatit B və hepatit C daxildir. Qaraciyər xərçənginin yaranmasında virusların çox böyük rolu vardır. Başqa bir məsələ mədə xərçənginin yaranmasıdır. Burada da əsasən Helicobacter pylori dediyimiz bir bakteriya növüdür ki, bu da mədə xərçənginin yaranmasında əsas rol oynayan amildir. Digər faktor qadınlar arasında uşaqlıq boynu xərçəngidir. Bunun da əsas yaranma səbəbi Human Papillomavirus dediyimiz virus infeksiyasıdır ki, bu da uşaqlıq boynu xərçənginin yaranmasında əsas rol oynayan amillərdən biridir".